Ağdam Sənaye Parkının rezidenti mayda fəaliyyətə başlamağa hazırlaşır
- 14 fevral, 2024
- 12:09
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkının rezidenti “Eos Qrup” MMC-yə məxsus qazbeton blok müəssisəsində tikinti işləri artıq başa çatıb, mayda obyektin açılışı planlaşdırılır.
Bunu “Report”a açıqlamasında şirkətin direktoru Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, investisiya dəyəri 4,7 milyon manat olan müəssisə 7,6 hektar ərazini əhatə edir.
"Bu müəssisə Azərbaycanda ilkdir. İstehsal ediləcək hörgü blokları xüsusi izolyasiyaya malik olacaq. Bloklar qışda evləri, müəssisələri isti, yayda isə sərin saxlaya biləcək", - deyə C.Qurbanov qeyd edib.
"Rusiyadan texnoloq gəlib. Onun iştirakı ilə müəssisədə avadanlıqlar təcrübədən keçirilir. Hazırda sınaq məqsədi ilə bir xətt üzrə istehsal aparılır. Hələ məhsullar satışda yoxdur. Yaxın zamanlarda müəssisədə iki xətt üzrə istehsal həyata keçiriləcək. İstehsal gücümüz bir gündə bir xətt üzrə 200 kubmetrdir. İki xətt üzrə tam fəaliyyətdə olanda isə 400 kubmet olacaq. Ölkədə, o cümlədən hazırda iqimiqyaslı quruculuq işləri aparılan Qarabağda bizim məhsullara tələbat yetirincə çoxdur. Hələ ki, məhsullarımız əsasən Qarabağ zonasında istifadə ediləcək”, - deyə direktor əlavə edib.
Onun sözlərinə görə, müəssisədə 49 nəfər işlər təmin ediləcək: "Bizim əsas məqsədimiz məhz Ağdamda yaşayan şəxsləri işlə təmin etməkdir”.
C.Qurbanov həmçinin qeyd edib ki, burada daha bir müəssisənin tikintisi, ərazidə abadlıq işlərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir.
Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın ərazisi 190 hektardır. Burada 20 rezident və 6 qeyri-rezident qeydiyyatdan keçib.