Koronavirus dünyada sürətlə yayılır. Dövlət qurumları insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün hər gün yeni qadağalar tətbiq edirlər. Bağçalar, məktəblər, universitetlər, ictimai iaşə yerləri, əyləncə, istirahət mərkəzləri bağlanır, kafe-restoranların fəaliyyəti məhdudlaşdırılır. Artıq bir sıra ölkələrdə çölə çıxmaq ya qadağan edilib, ya da məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları evdə qalmağa çağırır.
Bütün bunlar isə ciddi psixoloji gərginliyə səbəb olur. Bəs insanlar belə vəziyyətdə nə etməlidirlər? Uşaqlarla necə davranmalıdırlar, onların gündəlik proqramları necə olmalıdır?
“Report”un bütün bu məsələlərlə bağlı suallarını Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva cavablandırıb.
- Koronavirusa görə yaranmış psixoloji gərginliklə necə mübarizə aparmalıyıq?
- İlk növbədə ən yaxşı psixoloji mübarizə maarifləndirmədir. Düşünürəm ki, ölkəmizdə bununla bağlı kifayət qədər tədbirlər görülür. Aparılan qabaqlayıcı tədbirlər doğru və yerindədir. Hələ bir neçə nəfərdə virus ehtimalı olduqda bütün təhsil ocaqlarında dərslər dayandırıldı. Həmçinin son verilən qərarla şəhərə girişin məhdudlaşdırılması, restoran-kafe və digər ictimai yerlərdə xüsusi rejimin tətbiq edilməsi vacib addım idi. Bunlar həm də insanlara psixoloji baxımdan müsbət təsir göstərir. Çünki bu kimi virusların yayılmasının qarşısının alınması üçün lazımlı addım atılmış oldu. İnsanlar qismən də olsa rahat oldular ki, koronavirus Azərbaycanda kütləvi yayılmayacaq. İnanıram ki, ölkəmiz bu virusdan tezliklə qurtulacaq.
Amma qətiyyən arxayınlaşmaq və dövlət qurumlarının, müvafiq təşkilatların gördükləri işlərə ümid bəsləyib oturub gözləmək olmaz. Vətəndaş olaraq biz də həyata keçirilən tədbirlərə qoşulmalıyıq, öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik. Həmçinin mətbuatda maarifləndirici məlumatlar daha geniş yayımlanmalıdır. Bilməliyik ki, qorxmaqla və ya panikaya düşməklə heç nə əldə etməyəcəyik. Əksinə, immunitetimizi də zəiflətmiş olacağıq. Ona görə əhvalımızı yüksək tutmalı, bütün lazımi tədbirlərə - istər qidalanma, istərsə də gigiyena qaydalarına riayət etməliyik. İnsanlar bilməlidirlər ki, qabaqlayıcı tədbirlərə əməl etdikləri halda özlərini virusdan qorumuş olacaqlar.
- Bağçalar, məktəblər bağlanıb, uşaqlar evdədir, çölə çıxmaq isə təhlükəlidir. Belə bir vəziyyətdə valideynlər evdə uşaqlarla günlərini necə keçirməlidirlər?
- Mən bəzi qruplarda valideynlərlə virtual şəkildə ünsiyyət quraraq onların problemləri və çətinlikləri ilə tanış oluram. Hazırda bəzi valideynlər çaşqınlıq içində uşaqlarla davranış qaydalarını bilmirlər. Əvvəllər tətilləri rahatlıqla planlaşdıra bilirdilər. Onlar uşaqlarla teatra, kinoya, müxtəlif əyləncə mərkəzlərinə gedirdilər. Amma indi bunların hamısı qadağan olunub. Buna görə valideynlər evdə nə edəcəklərini bilmirlər.
Əslində, sualın cavabı sadədir: Gündəlik rejim tətbiq etmək lazımdır. Uşaqların məktəb vaxtlarındakı kimi tezdən oyanmağı lazım deyil, amma həmişə vərdiş etdikləri zamandan da çox gec oyanmamalıdırlar.
Əslində, bu tətilin üstün tərəfləri də var. Uşaqların ailə ilə birlikdə vaxt keçirmələri üçün çox yaxşı fürsətdir. Ailələr birgə səhər yeməyi yeyə, uşaqlar öz oyunlarını valideynlərlə birgə oynaya bilərlər. Bu zaman valideyn uşaqla keyfiyyətli vaxt keçirə bilirsə, onlar arasındakı emosional bağlılıq daha da güclənəcək və bir-birlərini yaxından tanıya biləcəklər.
Daha sonra valideynlər uşaqların asudə vaxtını telefon və televizora baxmaq istisna olmaqla istədiyi şəkildə qura bilərlər. Düzdür, övladlarımızı cihazlardan tamamilə uzaqlaşdırmaq mümkün deyil. Amma məktəblilər üçün onlayn dərslər keçirilir ki, onlara baxa bilərlər.
Yeri gəlmişkən, deyim ki, bu, çox müsbət addımdır. Yaşı nəzərə alaraq məktəbəqədər uşaqlar 10 dəqiqədən yarım saata, ibtidai sinif şagirdləri 1 saat, yeniyetmələr isə fasilələrlə 2 saat televiziya və telefona baxmaqla vaxt keçirə bilərlər. Məktəblilər dərslərdən uzaq düşməsin deyə ailənin proqramına xüsusi "mütaliə saatı" əlavə edilməlidir. Bu zaman hər ailə üzvü ya kitab oxumalı, ya da elmi işlə məşğul olmalıdır. Belə olduqda məktəblilər etiraz edə bilmir. Çünki bu qayda ailənin bütün fərdlərinə aid olmuş olur.
- Ailələr gündəlik proqramlarını necə təyin və tətbiq etməlidirlər?
- Hər ailənin özünün proqramı var. Yəni ümumi bir siyahı yoxdur. Bu ailənin imkanlarından, rayonda və ya şəhərdə, həyət evində və ya binada yaşamasından, sosial-iqtisadi vəziyyətindən asılıdır. Hamısı fərqli olduğu üçün hər ailə marağına uyğun proqramlar tətbiq edəcək. Şərt deyil ki, onlar mütəxəssisdən yardım alsınlar. Mütəxəssis uşaqlarda davranış pozğunluğu olan zaman lazım olur. Həmçinin bütün yaş quruplarından olan insanlarda müəyyən narahatlıq, qorxu və təşviş olur. Bu zaman da onlayn formada yardım göstərilir. Psixoloji durumu yerində olmayan insanın immunitetinin yüksək olmasından söhbət gedə bilməz. Bu səbəbdən qorxu, təşviş minumuma endirilməlidir.
Ailələr bigrə filmlərə baxa, kitablar oxuya və intellektual verilişləri izləyə bilərlər. Ailə proqramlarına təcrübələri də əlavə etmək olar. Bütün uşaqlar bundan zövq alır.
Ailələr uşaqların yanında yaranmış gərgin vəziyyət barədə təfərrüatı ilə danışmamaları daha yaxşı olar. Amma uşaqların suallarını da cavabsız qoymasınlar. Uşaqlar sual verə bilər ki, niyə çölə çıxmırıq? Valideyn sadə dildə izah etməlidir ki, indi daha çox insan xəstələnib deyə tez-tez çölə çıxa bilmirik.
- Epidemiya, pandemiya zamanı əməl edilməli olan ən vacib psixoloji məqamlar hansılardır?
- Daha soyuqqanlı olmalı və panikadan uzaq durmalıyıq. Əmin olmalıyıq ki, lazımi tədbirlərə əməl edirik. Dünyada da belədir ki, insanlar kütləvi şəkildə marketlərə axın edirlər. Təmkinli olmaq lazımdır, rəsmi qurumların verdiyi məlumata görə, ölkədə kifayət qədər qida ehtiyatımız var. Marketlərdə də qıtlıq müşahidə olunmur. Panika vəziyyətində qərarlar vermək doğru deyil. Bir məqama diqqət çəkmək istərdim ki, bəzi insanlar etibarlı mənbələrə söykənməyən, yalan məlumatlar yayırlar. Çox adam da onu doğru xəbər kimi qəbul edir və inanırlar. Bunlar hamısı panika yaradır və insanları təşvişə salır. İnsanları rəsmi xəbərlərdən kənar yayılan informasiyalara inanmasınlar.
- Təbii ki, karantində saxlanılanların ailələri narahatdırlar. Bəzən də müəyyən problemlər müşahidə olunur. Həmin şəxslərin özlərinə və yaxınlarına nə məsləhət görərdiniz?
- Çox yaxşı başa düşürəm ki, bu, çətin bir məqamdır. Bilməliyik ki, bu qərar ilk növbədə ailənin və karantində qalanın təhlükəsizliyi üçündür və ən doğru addımdır. Təbii ki, darıxma, həsrət hissi var, ancaq bunlar müvəqqətidir. İki həftə tez bir zamanda keçib gedir, əsas odur ki həmin insanlarda virus aşkarlanmasın. Yenə də təmkinli olaraq qərara hörmətlə yanaşmaq lazımdır.