Yeni sayt istifadəçilərə icbari tibbi sığorta ilə bağlı daha çox məlumat almağa imkan verəcək.
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev oktyabrın 29-da yenilənmiş "its.gov.az" saytının təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Dövlət Agentliyi prioritetlərini dəqiq müəyyən edərək əhaliyə daha əlçatan və informativ bir platforma yaratmağa çalışır:
"Bu saytın yaradılmasında əsas məqsəd istifadəçilər üçün əlçatanlığın təmin edilməsidir. Belə ki, yeni sayt istifadəçilərə icbari tibbi sığorta, dövlət tibb müəssisələri haqqında məlumatları asanlıqla tapmaq, tibb müəssisələrinin ünvanlarına və əlaqə vasitələrinə rahat çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda tibbi xidmətlərin sürətli axtarış sistemi və qəbul üçün elektron müraciət kimi yeniliklər də saytı daha əlçatan edir".
Z.Əliyev saytda təkcə Azərbaycan deyil, rus və ingilis dillərində də məlumatların paylaşılacağını söyləyib:
"Belədə, beynəlxalq media üçün də məlumatlarımız əlçatan olacaq".
Qeyd edək ki, Dövlət Agentliyi 2016-cı ildə fəaliyyətə başlayıb.