Son illər nəinki Azərbaycanda, eləcə də bütün dünyada körpə ölümlərinin sayı artır.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məsələdə TƏBİB də müəyyən səbəbləri araşdırır, çünki burada bir çox nüanslar var:
"Ölümə səbəb olan halların aradan qaldırılması üçün aidiyyəti üzrə danışıqlar aparılır".
V.Qurbanov həmçinin qeyd edib ki, keçən il TƏBİB-in tabeli tibb müəssisələrində ana ölümü faktı əvvəlki illə müqayisədə daha aşağı olub:
"Hər ay bu məsələni nəzarətdə saxlayırıq. Ümid edirik ki, bu ilin göstəriciləri keçən ilə görə daha da aşağı olacaq".
TƏBİB rəhbəri ana olacaq namizədlərə çağırış da edib:
"Ölümlər tək həkim səhvi deyil. Ana olmağa hazırlaşan qadınlar vaxtında müayinələrdən keçməlidir. Xəstəxana şəraitində müalicə göstərişi varsa, evdə qalmasınlar. Fəsadlar nə qədər erkən aşkarlansa, ana və körpə ölümünün sayı bir o qədər azalmış olacaq".