Nazirlik pis vərdişi olan övladlarla bağlı valideynlərə müraciət edib
- 04 iyun, 2025
- 15:37
Valideynlər bəzən övladlarının qorumaq məqsədilə onların pis vərdişlərini tərgidə bilmələri üçün həkimə müraciətdən yayınırlar. Amma onlar həkim narkoloqlara müraciət etməkdən çəkinməməlidirlər.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov deyib.
Onun sözlərinə görə, uşağın əlindən siqaret iyi belə gəlsə, valideyn buna biganə yanaşmamalıdır:
"Valideynlər unutmamalıdır ki, pis vərdişlərin başlanğıcı çox adi şeylərdən başlayır. Onlar övladlarının əlindən gələn adi siqaret iyinə də həssas yanaşmalı, onlara yardım etməlidir. İlk mərhələdə həkim narkoloqlara müraciət edilməli sonra məsləhətə uyğun psixoloq və başqa mütəxəssis dəstəyi alınmalıdır".
Mərkəz direktoru əlavə edib ki, narkotik istifadəsi zamanı uşaqlarda ünsiyyət problemləri daha tez nəzərə çarpır:
"Valideynlər stress, əsəb, sosial təcrid, yuxusuzluq kimi ilkin simptomlara diqqət yetirilməlidir. Bəzi hallarda istifadə olunan maddənin növündən asılı olaraq normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlama, hallüsinasiya və tez-tez qıcıqlanma halları müşahidə oluna bilər. Yeniyetmələrdə davranış pozuntuları daha tez və daha aydın şəkildə özünü büruzə verir".