“Son zamanlar yoluxmaların azalmasına səbəb karantin qaydalarının sərtləşdirilməsi idi. Hər zaman belə hallarda yoluxmaların sayının və təmasların azalmasını müşahidə etmişik. Eyni zamanda insanlar belə halda qorunma tədbirlərinə daha ciddi əməl edirlər. Əvvəllər inanmayanların indi, demək olar ki, hamısı xəstəliyin olmasına inanır”.
Bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
O qeyd edib ki, bir çox ölkələrdə artıq bir vaksin sınaq mərhələsindən keçib:
“Bir çoxu da kütləvi istifadəyə başlayıb. Azərbaycanda da bu sahədə işləri görülüb və effektiv vaksinin ölkəyə gətirilməsi üçün bütün lazımi addımlar atılıb. Yaxın günlərdə də Azərbaycan ən yaxşı vaksinlərdən birini alıb vaksinasiya tədbirlərinə başlayacaq. Hesab edilməsin ki, vaksinasiya bütün insanların hamısında immunitet yaratmaq üçündür. Peyvəndləmə ilə insanların müəyyən qismində immunitet yaratmaq planlaşdırılır. Bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib və bu, o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb. Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən 2/3-si hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər. Hər şey bizim düşündüyümüz kimi gedəcəksə, ola bilsin, yaya qədər xəstəlik bizi narahat edər. Lakin bu da virusun tamamilə yox olması demək deyil. Pandemiya hələ davam edəcək, amma yoluxma sayları artıq bizi narahat etməyəcək. Yəni yoluxma sayları az olacaq”.
A.Qurbanov əlavə edib ki, xəstəliyə tutulub sağalan şəxslərin vaksinasiya olunmasına ehtiyac yoxdur:
“Əgər hər hansı bir şəxsin virusa yoluxması rəsmi şəkildə təsdiq olunubsa, yəni analiz verib cavabı pozitiv çıxıbsa və xəstəliyi keçiribsə, onların peyvənd olunması mütləq deyil. Vaksin əsasən, ilk növbədə, risk qrupuna aid olanlara vurulacaq”.