Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 500 milyonu ötüb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 500 363 741 nəfərə çatıb.
Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 183 944 nəfər COVID-19-dan dünyasını dəyişib.
Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk yerləri bölüşür. Belə ki, bu ölkələrdə virusa iyirmi milyondan çox yoluxma qeydə alınıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.