Bakıda ilk dəfə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatı (EPPO) Şurasının 74-cü sessiyası işə başlayıb.
“Report” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və EPPO-nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyi və təşkilata üzv dövlətlərdən olan nümayəndələr iştirak edir.
İkigünlük sessiyanın açılışında çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün həyati zərurətə çevrilir: “EPPO tərəfindən bitki sağlamlığının qorunması, invaziv zərərli orqanizmlərin yeni ərazilərə keçməsi və yayılmasının qarşısının alınması üçün strategiyaların hazırlanması, zərərli orqanizmlərə qarşı müasir, təhlükəsiz və elmə əsaslanan effektiv mübarizə üsullarından istifadənin təşviq edilməsi isə olduqca əhəmiyyətlidir”.
O qeyd edib ki, Agentlik ötən dövr ərzində EPPO-nun fəaliyyətində aktiv iştirak etməklə yanaşı, ölkə ərazisində “Vahid sağlamlıq” konsepsiyasının, o cümlədən bitki sağlamlığının təmin edilməsi üçün zəruri və ardıcıl tədbirlər həyata keçirib.
Sədr müavini Agentliyin bitki sağlamlığı ilə bağlı fəaliyyətinə beynəlxalq təşkilatlar, o cümlədən Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya, EPPO kimi təşkilatların daim böyük dəstək göstərdiyini və bundan sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Bakıda EPPO-nun İcraiyyə Komitəsinin iclası keçirilib. Bu sessiya və iclasın ölkəmizdə keçirilməsi EPPO Şurasının ötən il sentyabrın 27-28-də Fransanın Paris şəhərində təşkil olunan 73-cü sessiyası zamanı EPPO rəhbərliyi tərəfindən təklif edilib.