Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
"Report" xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
“Azərbaycanda koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir”, - mərkəzdən bildirilib.
Qeyd edək ki, üçü İngiltərədə, biri isə Danimarkada aparılan son dörd elmi tədqiqat yeni ştammın öldürücülük riskinin yüksək olduğunu elmi olaraq təsdiqləyib. Bundan əvvəl, hələ yeni ştammın qeydə alındığı ilk vaxtlarda aparılan tədqiqatla virusun Britaniya ştammının yoluxduruculuq qabiliyyətinin də daha yüksək olduğu məlum olub. Belə ki, yeni ştammın yeni növ koronavirus infeksiyasından fərqli olaraq daha sürətlə yayıldığı təsdiqlənib.