TDT Baş Katibi ABŞ-nin aparıcı təhlil mərkəzlərinin ekspertləri ilə fikir mübadiləsi aparıb

Region
  • 17 dekabr, 2025
  • 19:34
TDT Baş Katibi ABŞ-nin aparıcı təhlil mərkəzlərinin ekspertləri ilə fikir mübadiləsi aparıb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş Katibi Kubanıçbek Ömüraliyev Vaşinqtonda "Heritage Foundation" tərəfindən təşkil olunan "Mərkəzi Asiyadan Qara Dənizə Türk Dünyasının Gələcəyi" görüşündə çıxış edib.

"Report" xəbər verir ki, tədbir çərçivəsində ABŞ-nin aparıcı təhlil mərkəzlərindən ekspertlər və tədqiqatçılarla fikir mübadiləsi aparılıb.

Baş Katib TDT-nin artan strateji əhəmiyyətinə diqqət çəkərək təşkilatın Mərkəzi Asiyadan Qara Dəniz və Aralıq dənizinə qədər geniş bir coğrafiyada dövlətləri birləşdirən, tam mənası ilə institusional və nəticəyönümlü bir hökumətlərarası təşkilata çevrildiyini vurğulayıb. Baş Katib İqtisadi inkişaf, əlaqələndirmə, təhlükəsizlik və xalqlararası qarşılıqlı əlaqə sahələrində genişlənən əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Kubanıçbek Ömüraliyev Hudson İnstitutunun Prezidenti və Baş İcraçı Direktoru Con Uolter ilə də görüş keçirib.

Görüş zamanı Baş Katib TDT-nin siyasi dialoq, iqtisadi inteqrasiya və bağlılıq təşəbbüsləri sahələrində artan fəallığını vurğulayıb.

Hudson İnstitutunun Prezidenti Con Uolter TDT-nin getdikcə dərinləşən rolunu məmnunluqla qarşıladığını bildirərək, institutun TDT ilə analitik mübadilənin genişləndirilməsinə və strukturlaşdırılmış dialoqun qurulmasına böyük maraq göstərdiyini qeyd edib.

Görüşdə TDT Katibliyi ilə Hudson İnstitutu arasında dialoqun gücləndirilməsinin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti