Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Milli Musiqi Günü qeyd olunub.
"Report"un yerli bürosu xəbər verir ki, "Alyans Gənclər Mərkəzi"nin təşkil etdiyi tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, konservatoriyanın rəhbərliyi, müəllim və tələbələri, eləcə də Alyansın tələbələri iştirak ediblər.
Tbilisi Dövlət Konservatoriyasının rektoru Qeorqi Vaçinkadze çıxış edərək Azərbaycanla Gürcüstan arasındakı mədəni əlaqələrdən danışıb, bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib. Rektor Heydər Əliyev Fondu tərəfindən 6 dahi Azərbaycan bəstəkarının milli musiqi notlarından ibarət kitablarının "Alyans Gənclər Mərkəzi"nin təşəbbüsü ilə konservatoriyaya təqdim olunmasına görə təşəkkür edib.
Səfirliyin məsul əməkdaşı Ramiz Hacızadə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, Şuşa şəhəri 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunub: "Belə bir ərəfədə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada anadan olan bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün və Milli Musiqi Gününün Tbilisidə qeyd olunması olduqca təqdirəlayiqdir. Bu, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bir daha sübut edir".
Sonra azərbaycanlı tələbə Mahirə Durmuşova "Çırpınırdı Qara dəniz" və "Ay Laçın", Ramin Pirməmmədov isə tarda "Ayrılıq" və "Bakı gecələri " mahnılarını ifa ediblər.
Daha sonra "Alyans Gənclər Mərkəzi"nin sədri Leyla Əmrahova və başqaları çıxış edərək Ü.Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin onun haqqında dedikləri fikirlər, eləcə də Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilər barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Tbilisi Dövlət Konservatoriyasına göndərilmiş kitablar bu gün konservatoriyanın kitabxanasına təqdim edilib.