Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, mərasim iştirakçıları ilk öncə anım guşəsini ziyarət edərək həlak olan media işçilərinin fotoşəkillərinin önünə gül düzüblər, xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə GAİM təmsilçiləri, Azərbaycanın media qurumlarının Gürcüstandakı büroları, eləcə də yerli azərbaycandilli media resurslarının nümayəndələri iştirak ediblər.
Media mənsubları çıxış edərək həmkarlarının xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olmalarından dərin sarsıntı hissi keçirdiklərini bildiriblər.
Qeyd olunub ki, jurnalistlər Ermənistanın Azərbaycana qarşı növbəti hərbi cinayətinin qurbanı olublar və gələcəkdə belə faciələrin baş verməməsi üçün beynəlxalq ictimaiyyət Ermənistandan mina xəritələrini verməsini tələb etməlidir.
Sonda beynəlxalq təşkilatların Gürcüstandakı nümayəndəliklərinə ünvanlanan bəyanat oxunub. Sənəddə Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə verilməsi tələb edilib. Bildirilib ki, xəritələrin verilməməsi beynəlxalq humanitar normaların kobudcasına pozulmasıdır. Bəyanatda beynəlxalq qurumların məsələyə laqeyd qalmayacağına ümidvarlıq ifadə edilib.