Atatürk və silahdaşlarının yüz il əvvəl apardığı mübarizə Ukrayna üçün ilham mənbəyidir.
“Report” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar “Hürriyət”ə müsahibəsində deyib.
O, dəstəyə görə Türkiyəyə təşəkkür edib: “Həm öz ölkəmizdəki cəbhə xəttini qoruyur, həm də Rusiya torpaqlarında müəyyən əməliyyatlar keçiririk. Ukraynadakı vəziyyət stabildir. Ən çox təsirlənən insanlar cəbhə xəttinə yaxın bölgələrdə yaşayanlardır”.
Diplomatın sözlərinə görə, Ukraynadakı əsas problem elektriklə bağlıdır: “Ərzaq problemi isə yoxdur. Əsas çətinlik elektriklə bağlıdır. Aralarında Türkiyənin də olduğu tərəfdaşlarımız bizə bu məsələdə humanitar kömək edirlər. Xalqımız zəfərə inanır. Ona görə də bütün çətinliklərə rəğmən, mübarizə aparır”.
Səfir bildirib ki, Kiyev bütün qonşuları ilə sülh şəraitində yaşamaq və müharibənin bitməsini istəyir: “Hətta bu müharibənin heç başlamamasını istəyərdik. Amma bu müharibə həyatda qalmaq üçündür. Rusiyanın məqsədi Ukraynanı tamamilə məhv etməkdir. İndi müharibəni bitirsək belə, sabah Rusiyanın güc toplayaraq yenidən hücuma keçməyəcəyi barədə zəmanət yoxdur. Bu vəziyyət bütün region üçün təhdid yaradır. Ona görə də bütün tərəflərdən xahişimiz ədalətli sülhə töhfə verməkdir”.
V.Bodnar vurğulayıb ki, dünyanın təhlükəsizlik sistemi inkişaf etməlidir: “Çünki mövcud sistem müharibələrin başlanmasının qarşısının alınması və davam edən toqquşmaların dayandırılması üçün kifayət deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya, həqiqətən, beşdən böyükdür. BMT Təhlükəsizlik Şurasının üzvləri missiyalarına zidd olaraq beynəlxalq hüququ görməzdən gəlirlər. Bu baxımdan daha da inkişaf etmiş beynəlxalq təhlükəsizlik sisteminin qurulmasına ehtiyac var. Biz həm də Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını istəyirik”.
O, NATO-nun fəaliyyətini də tənqid edib: “NATO Rusiyanın hücumlarının dayandırılması istiqamətində lazım olanları etmir. Biz səmimi şəkildə Alyansa deyirik ki, özünüzü müdafiə etməyin ən yaxşı yolu Ukraynanı müdafiə etməkdir. Beləliklə, sabah Rusiyanın hansısa NATO ölkəsinə hücum etmək imkanı olmaz. Digər tərəfdən NATO-ya üzv ölkələrin xalqlarının bu müharibəyə qoşulmasını və bizim üçün döyüşməsini istəmirik. Bizim NATO-ya üzvlük iddiamız isə müharibədən sonrakı dövrlə aiddir. İndi Ukrayna həm də NATO-nu müdafiə edir. Gələcəkdə Kiyevin NATO-ya üzvlüyü Alyansa ciddi töhfə olacaq”.