Rusiya ordusu dekabrın 11-i səhər saatlarında Ukrayna paytaxtı Kiyev də daxil olmaqla ölkənin bir sıra şəhərlərinə ballistik raketlər və dronlarla zərbələr endirib.
Kiyev Hərbi Administrasiyasının sözçüsü Mixail Şamanov və Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat "Report"un Şərqi Avropa bürosuna hücumun nəticələrini açıqlayıblar.
M.Şamanov bildirib ki, təxminən 1 ay əvvəl, 11 noyabrda olan ssenari üzrə bu gün də paytaxt istiqamətinə ballistik raketlər atılıb: "Dekabrın 11-də, səhər saat 4-də Rusiya ballistik raketlərlə növbəti sədə Ukraynaya zərbələr endirdi. Paytaxt istiqamətinə ballistik trayektoriya ilə uçan 8 hədəf Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib. Raketlərin qalıqları paytaxtın Darnitsk rayonuna düşüb, nəticədə 4 mülki vətəndaş xəsarət alıb. 1992-ci il təvəllüdlü kişi qəlpə yarası alıb, ona ilk tibbi yardım göstərilib, 3 qadında kəskin stress halı yaşanıb və onlara da yardım göstərilib. Qoloseyevsk rayonunda da qəlpələrin düşməsi ilə bağlı çağırış olub, lakin bu təsdiqlənməyib, çağırış yanlış idi".
O, raket zərbələri zamanı hava hücumundan müdafiə sistemlərinin dərhal işə düşməməsinin səbəblərinə də aydınlıq gətirib: "Bu əvvəllər də Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən izah olunub, düşmən ballistik raketlər buraxıb, Hava Hücumundan Müdafiə Qüvvələrinin buna reaksiya vermək üçün yalnız bir neçə dəqiqəsi qalır".
Yuri İqnat isə bildirib ki, Kiyev ilə yanaşı, Rusiya yenidən Ukraynanın digər bölgələrinə də "Shahed 131/136" PUA-ları ilə zərbələr endirib: "İşğal olunmuş Krımdan 18 ədəd PUA buraxıldı, amma Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hamısı məhv edildi. Səhər düşmən Ukrayna paytaxtına qarşı növbəti terror aktı həyata keçirib, 8 ballistik raket göndərilib. Bunlar "İskəndər M" və S-400 zenit raket kompleksidir. Uzaq məsafədən göndərilib. Hava Hücumundan Müdafiə Qüvvələri 8 hədəfin hamısını məhv edb - həm şəhər ətrafında, həm də şəhərdə zərbələr məhv edilib".
O söyləyib ki, əgər yerüstü hücumla bağlı məlumat olsa, dərhal əhali xəbərdar ediləcək: “Lakin ya bizim, ya da tərəfdaşlarımızın bu barədə xəbər yoxdursa, məlumat verilmir. Bu səbəbdən buğun həyəcan siqnalı Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hədəflərin məhv edilməsi zamanı səsləndi. Xoşbəxtlikdən bütün hədəflər məhv edilib və çoxsaylı insan itkilərindən qaça bildik. Belə hallar yalnız paytaxtda deyil, həmçinin Ukraynanın cənub ya şərqində baş verir - düşmən sürətli ballistik raketlər göndərir və onlara reaksiya vermək üçün cəmi 1 dəqiqə vaxt olur. Bu səbəbdən diqqətli olmaq lazımdır".
"Report"un əməkdaşı Rusiyanın hava zərbələrindən zərərçəkən yaşayış massivlərinə baş çəkib, fotoreportaj hazırlayıb.