Qərb qüvvələri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmağa çalışsa da, bacarmadı - RƏY

Qərb qüvvələri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmağa çalışsa da, bacarmadı - RƏY Qərbin müəyyən siyasi dairələrinin niyyətləri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmaqdır. Lakin hazırda görünən odur ki, onlar buna nail ola bilmədilər.
Region
30 Noyabr , 2024 13:36
Qərb qüvvələri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmağa çalışsa da, bacarmadı - RƏY

Qərbin müəyyən siyasi dairələrinin niyyətləri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmaqdır. Lakin hazırda görünən odur ki, onlar buna nail ola bilmədilər.

Bunu “Report”a açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının siyasi gücünün ifadəsidir:

“Seçkilərdə hakim “Gürcü Arzusu” demokratik Gürcüstan partiyası qalib gəldi. Beynəlxalq ictimaiyyət, dövlətlər eləcə də beynəlxalq media subyektləri xalqın seçiminə hörmətlə yanaşmalı və nəticələri qəbul etməlidir”.

Deputat qeyd edib ki, bir sıra maraqlı olan xarici dövlətlər Gürcüstanın Baş naziri postuna Qərbin diktəsi ilə hərəkət edən insanın təyin edilməsinə çalışır:

“Bununla da Gürcüstan müstəqilliyini itirib və ona nəyi buyururlarsa onu icra edən hökumətə malik olardı. Lakin Gürcüstan Qərbin bu təzyiqlərinə boyun əymədi, gürcü xalqının siyasi iradəsinə söykənərək xalqın etimadını qazanmış “Gürcü Arzusu” partiyası hökumət formalaşdırdı”.

 Elman Nəsirov
Elman Nəsirov

Deputat Gürcüstanda baş verənlərin 2004 və 2014-cü illərdə Ukraynada baş verən hadisələrlə oxşarlığı olduğunu bildirib:

“Eyni ssenarini biz Ukraynada görmüşük. Ukraynada da seçkilərdən sonra 2004 və 2014-cü illərdə oxşar hadisələr baş verib. Qərbin maliyyə, siyasi, iqtisadi dəstəyi ilə dövlət çevrilişləri həyata keçirilib. Nəticədə Ukrayna xalqı bunun dəhşətli fəsadlarını yaşayır. Hazırda ölkənin mövcudluğu ciddi sual altındadır”.

O hesab edir ki, oxşar hadisəni Gürcüstanın da başına gətirmək istəyirlər.

E.Nəsirov ən dəhşətlisinin Gürcüstan prezidentinin bu prosesin ən başında yer alması olduğunu vurğulayıb:

“Qərbin maliyyələşdirdiyi müəyyən vətəndaş cəmiyyəti institutları, partiyalar, anti-milli ünsür rolunu oynayan qüvvələr, beşinci kolonun nümayəndələri, qərbin maliyyələşdirməsi müqabilində “əl əli yuyar, əl də üzü” prinsipindən çıxış edərək Gürcüstanda dövlət çevrilişi etməyə çalışırlar. Salome Zurabişvili iddia edir ki, Gürcüstanda konstitusion çevriliş baş verir. Amma həqiqət budur ki, özü bu çevrilişə cəhd edir”.

Onun sözlərinə görə, bu gün Gürcüstan tarixi sınaq qarşısındadır.

“Müdrik gürcü xalqı düzgün seçim edərək qərbin bütün təzyiq göstərən qüvvələrinə "yox" deyib. Gürcüstanda formalaşmış yeni hökumət Gürcüstanın gələcəyi ilə bağlı ən düzgün siyasi kursu seçib. Həmin kurs müstəqillik yoludur və milli maraqlara söykənir”, - deputat qeyd edib.

Son xəbərlər

Orphus sistemi