Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsi ilə bağlı məhkəmə prosesinin yekununu gözləməli olacağıq.
“Report” “Tasnim”a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məhkəmə prosesinin uzanacağı proqnozlaşdırılmır: “Ötən şənbə (yanvarın 27-də-red.) müttəhim, vəkillər və Azərbaycan Respublikasının nümayəndəsinin iştirakı ilə məhkəmə prosesi olub”.
N.Kənani deyib ki, İranın məhkəmə sistemi ittihamlara qanun çərçivəsində baxacaq: “Proses iki ölkənin ədliyyə orqanlarının əməkdaşlığı ilə tamamlanıb, istintaq yekunlaşıb”.
O söyləyib ki, iki ölkənin yol xəritəsinə uyğun olaraq, son bir ildə müxtəlif sahələrdə nümayəndə heyətləri qarşılıqlı formada səfər ediblər: “Ümid edirik ki, Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq”.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.