İran Küveytin strateji obyektə hücumla bağlı ittihamlarını təkzib edib

Region
  • 26 noyabr, 2026
  • 21:14
İran Küveytin strateji obyektə hücumla bağlı ittihamlarını təkzib edib

İran Küveytin strateji cəhətdən mühüm obyektlərindən birinə hücumla bağlı ittihamlarını rədd edərək bildirib ki, İslam Respublikasının Silahlı Qüvvələri regionda hərbi və ya hücum əməliyyatları həyata keçirməyib.

"Report" İran mediasına istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Əbülfəzl Şikarçi bildirib.

Onun sözlərinə görə, bu cür ittihamlar sonrakı düşmənçilik hərəkətlərini ört-basdır etmək və regionda qeyri-sabitliyi artırmaq cəhdi kimi qiymətləndirilməlidir.

İranın Romadakı səfirliyi isə bəyanat yayaraq iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən Küveytdəki hərbi obyektə pilotsuz uçuş aparatı hücumunda Tehranın əli olması ilə bağlı ittihamları qəti şəkildə rədd edib. Diplomatik nümayəndəlik həmçinin regionda münaqişələrin miqyasının genişləndirilməsinə yönəlmiş addımlardan çəkinmə barədə çağırış edib.