Gürcüstanın baş naziri İrakli Qaribaşvili Novruz bayramı münasibətilə hökumət adminstrasiyasında azərbaycanlı həmvətənləri ilə görüşüb.
“Report”un yerli bürosu xəbər verir ki, görüşdə barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, deputatlar Zaur Darğallı və Savalan Mirzəyev də iştirak edib.
Hökumət başçısı azərbaycanlıları bayram münasibətilə şəxsən təbrik etməsindən böyük şərəf duyduğunu deyib: “Pandemiya səbəbindən bayramı başqa formatda qeyd etmək məcburiyyətində qaldıq. Xatirimdədir, ilk dəfə baş nazir olanda şəxsən Marneuliyə səfər etmişdim və bayramı birgə keçirmişdik. Təəssüflər olsun ki, pandemiyaya görə fərqli vəziyyət yaranıb. Buna görə də hamıya bu reallığı nəzərə aldıqlarına görə təşəkkür edirəm. Bir daha səmimi qəlbdən Novruz bayramınızı təbrik edirəm”.
T.Axvlediani də Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib, onlara tərəqqi, əmin-amanlıq və möhkəm cansağlığı diləyib.