Gürcüstanda iqtidar-müxalifət razılaşması pozulub

Gürcüstanda iqtidar-müxalifət razılaşması pozulub Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu ilin aprelin 19-da müxalifətin bir hissəsi ilə imzaladığı siyasi razılaşmadan çıxıb.
Region
28 İyul , 2021 16:36
Gürcüstanda iqtidar-müxalifət razılaşması pozulub

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası bu ilin aprelin 19-da müxalifətin bir hissəsi ilə imzaladığı siyasi razılaşmadan çıxıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu partiyanın sədri İrakli Kobaxidze brifinqdə bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin himayəsi altında hazırlanan sənəd imzalandıqdan 100 gün sonra müxalifətin qeyri-konstruktivliyi səbəbindən uğursuzluğa düçar olub: “Radikal müxalifət yerli seçkilər öncəsi siyasi qütbləşməni dərinləşdirmək üçün əlindən gələni edir. 19 aprel razılaşması öz müsbət rolunu oynayıb – müxalifət sabotaja son qoyub”.

İ.Kobaxidze qeyd edib ki, bu gündən etibarən Gürcüstan konstitusiya quruluşuna qayıdır və siyasi proseslər ali qanun çərçivəsində davam etdiriləcək: “Biz növbədənkənar parlament seçkiləri təyin edə bilərik, lakin bu, yalnız hakimiyyətin xoş niyyəti ilə olacaq”.

Gürcüstanın müxalifət cəbhəsində hakim partiyanın razılaşmanı birtərəfli qaydada tərk etməsi kəskin qınanıb. Müxalifət partiyalarının məsələ ilə bağlı məsləhətləşmələr aparacağı gözlənilir.

Qeyd edək ki, iqtidar-müxalifət razılaşmasından sonra Gürcüstanda 2020-ci ilin noyabrından davam edən siyasi böhran başa çatıb. Belə ki, parlamentə seçilmiş müxalifət nümayəndələri qanunverici orqanın boykotunu dayandırıblar. Sənədin bir bəndinə qeyd olunub ki, hakim “Gürcü Arzusu” bu ilin okyabrında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdə 43 %-dən az səs toplayarsa, ölkədə növbədənkənar parlament seçkiləri təyin olunmalıdır.

Son xəbərlər

Orphus sistemi