İran səfirinin erməniliyi – Rubionun Səmərqəndə səfərini qısqanan diplomat
- 21 oktyabr, 2026
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəsmi Tehranın İrəvandakı səfirlərinin çıxışları diplomatik deyil, daha çox araqarışdırıcı, təhrif xarakterli olur. Belə qənaətə gəlmək olur ki, İslam Respublikasından Ermənistana göndərilən diplomatik missiyanın başçıları İran dövlətindən çox, inqilab keşikçiləri korpusunun (Sepah) nümayəndəsidir. Tehranın İrəvandakı indiki səfiri Xəlil Şirqulaminin də çıxışları sələfi Mehdi Sübahidən fərqlənmir.
Bu günlərdə ABŞ-nin dövlət katibi Marko Rubio Özbəkisitanın Səmərqənd şəhərində səfərdə olub. O bu qədim türk şəhərində açıqlama verib.
Amerikalı diplomat çıxışında Mərkəzi Asiyanın Qərb və Şərq arasında ticarət yollarının kəsişmə nöqtəsi olduğunu, hazırda isə daha geniş qlobal əməkdaşlıq yenidən canlandıqca, o, beynəlxalq ticarətdə bu həyati əhəmiyyətli rolu yenidən oynamağa çağırıldığını vurğulayıb.
Dövlət katibi Özbəkistanın ABŞ-nin beynəlxalq əməkdaşlığın inkişafı planlarında mühüm yer tutduğunu bildirərək Səmərqəndin dünya ticarətindəki tarixi rolunu qeyd edib. O, "X" səhifəsində paylaşdığı videoda deyib: "Tarixən qlobal miqyasda, dünya ticarətində Səmərqənd qədər mühüm rol oynayan az yer tapılar. Yalnız tarixi xatırlamaq üçün deyil, həm də gələcək imkanları müzakirə etmək üçün bu gün burada olmaq mənim üçün böyük şərəfdir".
Dövlət katibinin çıxışını səfir Şirqulami bəyənməyib. O, dövlət katibinin fikirləri ilə bağlı hikkəli, aqressiv şəkildə belə deyib: "Sizin tarixi öyrənməyiniz gözəldir! Dayandığınız yer fars sivilizasiyasının və memarlığının bir hissəsidir. Elə o sivilizasiyanın ki, keçən həftə Akropolda onun haqqında hər cür cəfəngiyyat danışırdınız!"
Xatırladaq ki, ötən il "C5+1" görüşündən sonra tərəflər arasında 25 milyard dollarlıq nəqliyyat, enerji və maliyyə sektorları, eləcə də başqa ən mühüm iqtisadi sahələr üzrə saziş imzalanıb.
Bu, ABŞ-nin Mərkəzi Asiyaya münasibətidir. Marko Rubionun çıxışında bölgəətrafı ölkələrə, o cümlədən İran və Əfqanıstana qarşı və ya onlar barədə hər hansı fikir söyləməyib.
Şirqulamini narahat edən nədir? Niyə o, Rubionun bu ayın əvvəlində Yunanıstandakı çıxışına indi cavab verməyə cəhd göstərir? Şirqulami nəyi təhrif edir?
ABŞ-nin Mərkəzi Asiyada fəallığı İranın bu bölgədə fəallığını minimuma endirə bilər. Bundan başqa, Tehranın bir vaxtlar böyük qardaşlıq etmək istədiyi Tacikistanı belə itirər.
Marko Rubio Yunanıstanda çıxışı zamanı avropalıları qədim yunan dəyərlərinə qayıtmağa, təhlükələrə birlikdə qarşı durmaq üçün öz institut və ittifaqlarını bərpa etməyə çağırıb. Bu çıxış daha çox "Avropanın uzun yuxudan oyana və min illər əvvəl burada yanan o odun yenidən alovlana bilməsinə" həsr edilib.
Rubio yunan mifik qəhrəmanlarının Tehranın yetişdirdiyi intiharçı-kamikadzelərdən fərqləndiyini də vurğulamışdı.
Görünür, yunan qəhrəmanları məsələsi Şirqulamiyə məşhur 300 spartalını xatırladıb.
Ancaq bu hadisənin türk şəhəri Səmərqəndlə heç bir əlaqəsi yoxdur. Şirqulami bu şəhəri "fars sivilizasiyası və memarlığının" bir hissəsi adlandırmaqla bu istiqamətdə əlaqə qurmağa cəhd göstərir. Güney Azərbaycan ərazilərini farslaşdırmağa adət etmiş Tehranın belə yetişdirmələri Səmərqənd məsələsində də təhrifə yol verir.
Səmərqənd dedikdə orta əsrlərin tarixi türk şəxsiyyəti, sərkərdəsi, fatehi Əmir Teymur yada düşür. Onun kimliyi və fars şovinist ideologiyasının banisi Firdövsinin qəbri üstündə dedikləri tarixdən məlumdur. Reqistan meydanı orta əsrlərdə teymurilərin zamanında salınıb. Ora Uluqbəy, Şerdor və Tillə Kari mədrəsisi ilə məşhurdur. Bu şəhər barəsində səfirin iddialı çıxışı isə tarixi, reallığı təhrifdir.
Məsələ tarixi müzakirə və araşdırma mövzusudur. Tarixə səfirin qərəzli münasibət bildirməsi azından naşılıqdır.
Yeri gəlmişkən, İrəvanda XVIII əsrin sonlarında tikilmiş Göy məscid var. Onu Azərbaycan xanı Hüseynəli xan tikdirib. Hazırda Ermənistan və İslam Respublikası onu fars mədəni abidəsi, İranın İrəvandakı mədəniyyət mərkəzi kimi təqdim edirlər.
Yaxud vaxtilə Ermənistanın işğal etdiyi Şuşadakı məscidləri də İran hakimiyyəti fars mədəniyyətinin nümunəsi kimi cəmiyyətə sırımağa çalışırdı. Ancaq şəhər işğalçılardan və onların havadarlarından azad edildikdən sonra Azərbaycan hakimiyyəti orada təmir-bərpa işləri apararaq məscidi qondarma elementlərdən təmizləmişdi.
Bu baxımdan, Səmərqəndin tarixinə səfirin verdiyi qiymət klassik panfarsçı yanaşmasıdır. Həmin yanaşmaya əsasən, dünyada, xüsusən Yaxın Şərqdə mütərəqqi, mədəni nə varsa, hamısı farslaşdırılır. Onların bu tərzini ermənilərin Cənubi Qafqazda, özəlliklə Azərbaycanda, habelə indiki Ermənistan ərazisindəki bütün abidələri, yer adlarını erməniləşdirilməsi ilə eyniləşdirmək olar. Bu mənada, Şirqulami sanki ermənilik ideologiyasının anti-türk, anti-Azərbaycan daşıyıcısıdır.
Sepah rəsmiləri, ona bağlı media Azərbaycan dövlətçiliyinə qarşı çıxış edir, təbliğat aparır, qrup yaradır. Ona görə Şirqulami, ondan əvvəlkilər də Sepahın siyasi xəttinin müdafiəçisi, davamçılarıdır.
İran Konstitusiyasının 128-ci maddəsinə əsasən, səfirlər xarici işlər nazirinin təklifi ilə təyin edilir və prezident tərəfindən təsdiq olunur. Prezident, həmçinin İran səfirlərinin etimadnamələrinin imzalanmasına cavabdehdir. Ancaq Şirqulami Məsud Pezeşkianın yürütdüyü xarici siyasi kursa, qonşularla münasibətlərin normallaşmasına qarşı çıxır.