Bakı. 30 mart. REPORT.AZ/ Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin hesabatla çıxış etməli olduğu Gürcüstan parlamentinin plenar iclası baş tutmayıb. "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, buna deputat sayının kafi olmaması səbəb olub.
Gürcüstan qanunvericiliyinə görə isə DTX rəisi aprelin 1-dək görülən işlər barədə parlamentə illik hesabat təqdim etməlidir.
Qeyd edək ki, Gürcüstan DTX 2015-ci ilin avqustunda yaradılıb və bu, V.Qomelaurinin parlament önündəki ilk hesabatı olacaq.
Deputatlar gün ərzində üç dəfə müəyyən edilmiş qaydada qeydiyyatdan keçib. Birinci halda 68, ikincidə 67, üçüncüdə isə 54 deputat qeydə alınıb. Parlamentin iclasının baş tutması üçün ən azı 76 deputatın iştirakı və qeydiyyatdan keçməsi tələb olunur.