Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqaz regionu üçün tarixi hadisə olub. Gürcüstanın bu məsələdə sülh danışıqlarına ev sahibliyi etməsi də əhəmiyyətlidir.
Bu fikirləri "Report"un yerli bürosuna müsahibəsində gürcü ekspert, “Vahid Neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vado Şakarişvili bildirib.
V.Şakarişvili qeyd edib ki, regionda baş verən dəyişikliklərlə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi vacibdir. O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin regionun gələcəyi üçün çox mühüm olduğunu vurğulayıb: “Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün irəliləyiş idi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət suverenliyini və müstəqilliyini tam təmin etdi”.
Politoloq həmçinin Gürcüstanın siyasətinin ərazi bütövlüyünü yalnız sülh yolu ilə bərpa etməyə yönəldiyini bildirib. O, qeyd edib ki, Cənubi Qafqazda sabit və sülh şəraitində yaşamaq üçün region ölkələri birgə mühüm layihələr həyata keçirməlidir.
Şakarişvili Azərbaycanın Zəfər Gününü qeyd etməsinin əhəmiyyətinə də toxunaraq, bu hadisənin yalnız Azərbaycan, həm də bütün region üçün vacib olduğunu vurğulayıb. “Gürcüstan bu gün və gələcəkdə böyük və davamlı sülh müqaviləsinin imzalanmasına öz töhfəsini verməyə hazırdır”, - ekspert fikirlərini tamamlayıb.