“Türkiyə NATO-nun hansısa ölkəyə qarşı genişlənməsini dəstəkləmir”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun “Middle East Eye” jurnalı üçün yazdığı məqalədə deyib.
O, məqaləsində yazıb ki, Türkiyə NATO-nun dünya üzrə ən mürəkkəb əməliyyatlarında iştirakdan heç vaxt çəkinməyib, alyansın strateji oriyentasiyasını dəstəkləyir, gələcəkdə də Ankara hərbi blokun yeni təşəbbüslərdə sadiq müttəfiqi və mühüm tərəfdaşı olaraq qalacaq.
Altun vurğulayıb ki, Türkiyə müdafiə sahəsinə böyük sərmayə qoyub və NATO-nun ikinci ən böyük ordusu kimi alyansın genişlənməsinin dünyada davamlı sülh və sabitliyin açarı olduğuna inanır.
“Türkiyə NATO-nun coğrafi genişlənməsini konkret bir ölkəyə qarşı deyil, onu sabitliyə nail olmağa kömək edəcək hərtərəfli təhlükəsizlik təşkilatına çevirmək üçün dəstəkləyir. İsveçin terrorla mübarizə siyasəti ilə bağlı qanuni narahatlığımızın müttəfiqlərimiz tərəfindən qəbul edilməsindən məmnunuq”.