Ermənistanın Hərbi Polisi koronavirus üçün PCR testlərinin saxta mənfi nəticələrinə görə cinayət işi açıb.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, 2021-ci il sentyabrın 29-da və oktyabrın 15-də “Feniks Med” MMC-nin nümayəndələri Ermənistan Müdafiə Nazirliyinin Milli Tədqiqat İnstitutunun 62 əməkdaşından COVID-19 testi üçün yaxma götürmələri barədə faktiki məlumatlar əldə edilib. Oktyabrın 4 və 18-də onlara “Biomed” MMC-dən analizsiz PSR testinin mənfi nəticəsi olan saxta blanklar verilib.
Faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin “Sənədləri, ştampları, möhürləri, blankları, nəqliyyat vasitələrinin dövlət nömrələrini saxtalaşdırma, satma və ya istifadə etmə” maddəsi ilə cinayət işi başlanıb.
“Hazırda ilkin məlumatlara görə, ümumilikdə 310-a yaxın vətəndaş saxta peyvənd sertifikatı alıb və ARMED sistemində qanunsuz qeydiyyatdan keçib, o cümlədən koronavirusa qarşı PCR testlərinin saxta mənfi nəticələri alıb”, - xəbərdə qeyd edilir.
İlkin araşdırma çərçivəsində onlarla axtarış aparılıb, vətəndaşlardan alınan rüşvət məbləğləri aşkar edilərək götürülüb, peyvənd olunmadan saxta arayış almış şəxslərin siyahıları alınıb. Korrupsiya sxemlərində iştirak edən tibb işçilərinin çoxu cinayətlərini etiraf edib.
Cinayət işləri üzrə kifayət qədər sübutlar olduğundan artıq 15 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 9-u həbs edilib.