Ermənistan hakimiyyəti meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq üçün gəmiricilərin və primatların ölkəyə gətirilməsinə və tranzitinə qadağa qoyub.
“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.
“Meymunçiçəyi infeksiyasına yoluxma halının və virusun yayılmasının qarşısını almaq məqsədilə avqustun 21-dən bütün növ gəmiricilərin (diri və ölü (heyvanlar üçün qida kimi)) və primatların Ermənistan ərazisinə gətirilməsi və ölkə ərazisindən tranziti ÜST tərəfindən məsələyə aydınlıq gətirəcək məlumat nəşr olunana qədər qadağan edilir”, - məlumatda deyilir.
Daha əvvəl Ermənistan Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxma halının qeydə alınmadığını bildirmişdi. Ölkənin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Milli Mərkəzinin direktoru Stepan Atoyanın sözlərinə görə, regionda xəstəliyin yayılma ehtimalı azdır.
Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus ötən həftə Afrikada meymunçiçəyi xəstəliyinin yayılmasını beynəlxalq narahatlıq doğuran ictimai sağlamlıqla bağlı fövqəladə hal adlandırıb.