“Seçkilərin nəticələri bilinməsə də, çox irəlidə olduğumuzu söyləyə bilərəm”.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının Baş qərargahında bildirib.
O, Türkiyədə demokratiya bayramının tamamlandığını vurğulayıb.
“Türkiyə bu seçkilərlə qabaqcıl demokratik ölkələrlə bir sırada yer tutduğunu bir daha sübuta yetirib”, - Ərdoğan əlavə edib.
"Bu seçkilərdə vəzifələrini layiqincə yerinə yetirən hər kəsə təşəkkür edirəm. Üstəlik, öz gələcəyi üçün seçiklərdə rekord sayda iştirak edən ölkə vətəndaşlarımıza minnətdaram. Bu seçkilərdə qazanan tərəf ölkəmiz və xalqımız olub", - o vurğuylayıb.
"Hazırda ölkəmizdəki prezident seçkilərinin bitib-bitmədiyini bilmirik. 50 faizdən çox səs toplayaraq bu turu bitirəcəyimizə inanırıq. Çünki xaricdəki vətəndaşlarımızın səsləri hələ tam olaraq sayılmayıb. Seçki prosesinin şəffaflığına heç bir zərbə gəlmədən bu seçimləri tamamlaya biləcəyimizdən əminəm",- Türkiyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, bu gün Türkiyədə keçirilən seçkilərin bənzəri yoxdur: "Şükürlər olsun ki, heç bir xoşagəlməz hadisə yaşanmadan seçkiləri tamamladıq. CHP rəhbərləri və bəzi bələdiyyə sədrlərinin öz maraqlarını güdmələri bu gərçəkləri dəyişmir. Ölkəmiz seçki sisteminin güvənliliyi baxımından dünyaya örnək ola bilər. Heç kimin bunu öz siyasi ambisiyaları üçün pozmağa haqqı yoxdur. Biz hər zaman milli iradənin seçiminə hörmət etmişik və bundan sonra da hörmət edəcəyik".