Əraqçi: Cenevrəyə real təşəbbüslərlə ədalətli razılaşmaya nail olmaq üçün gəldim

Region
  • 16 fevral, 2026
  • 11:56
Əraqçi: Cenevrəyə real təşəbbüslərlə ədalətli razılaşmaya nail olmaq üçün gəldim

İranın nümayəndə heyəti Cenevrəyə real təşəbbüslərlə ədalətli razılaşmaya nail olmaq üçün gedib.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "X"-da yazıb.

O, İsveçrənin Cenevrə şəhərində ABŞ nümayəndələri ilə keçiriləcək görüşdən öncə planlarından danışarkən fevralın 16-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə ölkəsinin nüvə proqramını müzakirə edəcəyini vurğulayıb.

İranın XİN başçısı fevralın 17-də ABŞ nümayəndələri ilə diplomatik məsləhətləşmələrə başlamazdan əvvəl Omanın xarici işlər naziri Bədr Əl-Busaidi ilə görüşəcəyini qeyd edib.

A.Əraqçi Cenevrəyə ədalətli və balanslaşdırılmış razılaşmaya nail olmaq üçün real təşəbbüslərlə gəldiyini, təhdidlər qarşısında təslim olmaq variantını tamamilə istisna etdiyini bildirib.

İran xarici siyasət idarəsinin rəhbəri nüvə danışıqları və növbəti diplomatik məsləhətləşmələrdə iştirak məqsədilə fevralın 16-da İsveçrənin Cenevrə şəhərinə gəlib.