Çelyabinskdəki partlayışdan sonra matəm elan edilib - YENİLƏNİB-3
- 23 oktyabr, 2025
- 11:49
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisədə baş verən partlayışla əlaqədar oktyabrın 24-ü matəm günü elan edilib.
"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, bu barədə region qubernatoru Aleksey Teksler bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində azı 10 nəfər ölüb.
"Baş verən faciə ilə əlaqədar oktyabrın 24-ü Çelyabinsk vilayətində matəm günü elan ediləcək. Regionun bütün ərazisində bayraqlar yarıya endiriləcək. Bununla yanaşı, əyləncə tədbirlərini ləğv etmək tövsiyə olunur", - A.Teksler qeyd edib.
Son məlumatlara görə, müəssisədəki partlayış nəticəsində 18 nəfər xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi.
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisədə baş verən partlayış nəticəsində ölənlərin sayı 12-yə çatıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri mənbəyə istinadən məlumat yayıb.
Daha əvvəl, Çelyabinsk vilayətində müəssisədə iki partlayışın baş verdiyi bildirilirdi. Yanğın söndürülüb.
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.
"Report"un məlumatına görə, bu barədə vilayət qubernatoru Aleksey Teksler öz "Telegram" kanalında yazıb.
"Hazırda 9 nəfərin ölümü təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlərimiz onların vəziyyətini sabitləşdirmək üçün əllərindən gələni edirlər. İtkin düşənlər barədə məlumatı dəqiqləşdiririk", - deyə o bildirib.
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda güclü partlayış baş verib.
"Report"un Rusiya mediasına istinadən məlumatına görə, hadisə nəticəsində dörd nəfər həlak olub.
"Kopeysk şəhərinin müəssisələrindən birində partlayış baş verib. Təəssüf ki, qurbanlar var. Şəhər sakinlərinə və mülki obyektlərə təhlükə yoxdur. Çurilovo mikrorayonundakı yaşayış binalarında mənzillərin pəncərələri sınıb", - vilayət qubernatoru Aleksey Teksler öz "Telegram" kanalında yazıb.
Hadisə yerinə operativ əməliyyat qrupu cəlb olunub, qərargahın işi təşkil edilib.
Bir sıra "Telegram" kanallarının məlumatına görə, partlayış "Plastmass" zavodunda baş verib. İlkin səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır.