Müstəqil Belarusun ilk rəhbəri vəfat edib

Müstəqil Belarusun ilk rəhbəri vəfat edib Belarusun sabiq prezidenti Stanislav Şuşkeviç 87 yaşında ölüb.
Region
4 May , 2022 10:32
Müstəqil Belarusun ilk rəhbəri vəfat edib
Stanislav Şuşkeviç

Müstəqil Belarus Respublikasının ilk rəhbəri, ölkənin Ali Sovetinin sabiq sədri Stanislav Şuşkeviç 87 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Euroradio” məlumat yayıb.

Xatırladaq ki, 1991-ci ilin avqust qiyamından (Kommunist Partiyasının qatı tərəfdarlarının ölkə Prezidenti Mixail Qorbaçovu vəzifəsindən kənarlaşdırmaq məqsədi daşıyan uğursuz çevriliş cəhdi) sonra S.Şuşkeviç Belarus parlamentinə rəhbərlik edib.

O, 1991-ci ilin dekabrında SSRİ-ni buraxılmasına səbəb olan Belovejsk sazişinin iştirakçılarından biri olub.

S.Şuşkeviç 1994-cü ilin əvvəlində Ali Sovetin sədri vəzifəsindən kənarlaşdırılıb. Siyasətçi 1994-cü il prezident seçkilərində iştirak edib, lakin ikinci tura keçməyib.

1995-ci ildə yenidən Belarus Ali Sovetinə deputat seçilib, Vətəndaş Fəaliyyəti fraksiyasının üzvü olub. 1996-cı ilin payızında o, Prezident Aleksandr Lukaşenkonun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə bəyanat imzalayıb.

S.Şuşkeviç Belarus Konstitusiyasının dəyişdirilməsi ilə bağlı 1996-cı ilin noyabrında keçirilmiş referendumun nəticələrini tanımayıb və referendumun nəticələri əsasında yaradılmış Belarus parlamentinin Nümayəndələr Palatasına daxil olmaqdan imtina edib, daha sonra səlahiyyətləri 2001-ci ildə başa çatan Ali Şuranın fəaliyyətində iştirak edib.

Belaruslu dövlət xadimi uzun müddət Belarus Sosial Demokrat Hramadasına rəhbərlik edib (2018-ci ildən - fəxri sədr). O, Lukaşenkonun siyasətini tənqid edib.

Bu ilin aprelində S.Şuşkeviç koronavirus infeksiyasına yoluxub və bundan sonra səhhəti pisləşib. O, bir müddət reanimasiyada müalicə olunub. 

Son xəbərlər

Orphus sistemi