Azərbaycan Xəzərin ekosisteminin qorunması üçün birgə səylərə çağırıb

Region
  • 27 noyabr, 2026
  • 16:52
Azərbaycan Xəzərin ekosisteminin qorunması üçün birgə səylərə çağırıb

Azərbaycan dəniz biomüxtəlifliyinin qorunması və Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi probleminin öyrənilməsi üçün Xəzəryanı dövlətlərin səylərini birləşdirməsini zəruri hesab edir.

"Report"un Qazaxıstan bürosu Azərbaycanın Türkmənistandakı səfirliyinə istinadən xəbər verir ki, bunu diplomatik missiyanın rəhbəri Qismət Gözəlov Türkmənistanın Beynəlxalq Humanitar Elmlər və İnkişaf Universitetində biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə həsr olunmuş konfransda bildirib.

Tədbirdə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, diplomatik missiyaların rəhbərləri, beynəlxalq təşkilatların, medianın nümayəndələri, müəllimlər və tələbələr iştirak ediblər.

Səfir vurğulayıb ki, Xəzərin ekoloji vəziyyəti bütün sahilyanı dövlətlər üçün ümumi əhəmiyyət kəsb edir. Bununla əlaqədar o, 2026-cı il oktyabrın 9-da Türkmənistanda I Xəzər Ekoloji Sammitinin keçirilməsini qeyd edib.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan danışan diplomat COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış sazişi xüsusi qeyd edib. O, həmçinin "yaşıl elektrik enerjisi"nin Avropaya tədarükü üçün Xəzər dənizi vasitəsilə kabelin çəkilməsi layihəsi haqqında da danışıb.

Q.Gözəlovun sözlərinə görə, Azərbaycan 2032-ci ilə qədər bərpa olunan enerjinin qoyuluş gücünü 6-8 QVt-a çatdırmağı planlaşdırır. Elektrik enerjisi istehsalının ümumi quraşdırılmış gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 39 %-ə, 2035-ci ilədək isə 43 %-ə çatdırılması nəzərdə tutulur.

Diplomat, həmçinin hər iki ölkənin Qlobal Metan Öhdəliyinə qoşulduğunu xatırladaraq, alternativ enerjinin inkişafı və metan tullantılarının azaldılması sahəsində Azərbaycan və Türkmənistanın qarşılıqlı fəaliyyət perspektivlərini qeyd edib.

Sonda səfir Azərbaycanın Türkmənistanın ekoloji və iqlim təşəbbüslərinə dəstəyini təsdiqləyib və əməkdaşlığın genişləndirilməsinin regional ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.