Aİ-nin xüsusi nümayəndəsi Cənubi Osetiyada verdiyi bəyanatına aydınlıq gətirmək üçün Tbilisiyə gedir

Aİ-nin xüsusi nümayəndəsi Cənubi Osetiyada verdiyi bəyanatına aydınlıq gətirmək üçün Tbilisiyə gedir Herbert Zalber bu gün Gürcüstanda olacaq
Region
19 May , 2017 15:55
Aİ-nin xüsusi nümayəndəsi Cənubi Osetiyada verdiyi bəyanatına aydınlıq gətirmək üçün Tbilisiyə gedir

Bakı. 19 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber bu gün Tbilisiyə gedəcək. Onun Tsxinvalidə dediklərini izah edəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Aİ-dəki səfiri Nataliya Sabanadze "Rustavi2" telekanalının efirində məlumat verib.

Qeyd edək ki, bundan əvvəl H.Zalber Tsxinvaliyə səfəri zamanı Cənubi Osetiyadakı qondarma prezident seçkilərində qələbə qazanması münasibətilə Anatoli Bibilovu təbrik edib. O, bundan sonra Gürcüstan hökumətinin nəzarətində olmayan digər əraziyə - Abxaziyaya gedib və orada Gürcüstanın digər hissəsi ilə inzibati sərhəd keçid məntəqələri ilə tanış olub.

"O, Xarici İşlər Nazirliyində görüşlər keçirəcək. Bu, onun özünün məsələyə izah verməsi baxımından yaxşı məqamdır", - N.Sabanadze deyib. Onun sözlərinə görə, Aİ Tsxinvali regionunda keçirilən qondarma seçkiləri tanımır və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

"Bu, bəyanat deyildi, sadəcə, onun (Zalberin - red.) danışığı idi. Bu epizod olduqca qəbuledilməzdir. Təbii ki, bu fikirlər bizi narahat edir. Bütün mümkün diplomatik kanallar vasitəsilə narahatlığımızı Avropa İttifaqına çatdırdıq. Onlar Zalberin fikirlərinin İttifaqın mövqeyi ilə üst-üstə düçmədiyini qeyd etdilər", - N.Sabanadze vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Gürcüstan XİN Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin dilə gətirdiyi fikirlərdən narahat və narazı olub. Hətta mayın 17-də Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Yanoş Herman deyilənlərə izahat verməsi üçün Gürcüstan XİN-ə çağırılıb.

Son xəbərlər

Orphus sistemi