Zəfərdən intibaha: Qarabağın təhsil mərkəzi Xankəndidən REPORTAJ

Qarabağ
  • 30 yanvar, 2026
  • 16:01
Zəfərdən intibaha: Qarabağın təhsil mərkəzi Xankəndidən REPORTAJ

Yazının əvvəli burada...

Son dayanacaq: Xankəndi

...Səfərimizin sonuncu dayanacağı Xankəndi şəhəridir. Bu da, sözsüz ki, bir həftəlik səfər üçün ola biləcək ən yaxşı yekunlardan biridir.

Media karvanı şəhərə yaxınlaşdıqca qar şiddətini daha da artırır. Mərkəzə çatanda isə əsl qış nağılı ilə rastlaşırıq: Xankəndi başdan-başa bəyaz libas geyinib.

Bizi müşayiət edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşından öyrənirik ki, baş çəkəcəyimiz ilk məntəqə Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdir. Vaxt itirmədən həmin məkana üz tuturuq.

Məktəbin açılışı əsaslı təmirdən sonra ötən il sentyabrın 19-da baş tutub.

Media nümayəndələrinə tanışlıq zamanı məlumat verilir ki, bu təhsil ocağı böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib.

624 şagird yerlik məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə ötən ilin mayında başlanılıb və məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir.

Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

Məktəbin ingilis dili müəllimi Fatimə Quliyeva keçən ilin sentyabrından burada pedaqoji fəaliyyətini davam etdirir.

Onunla söhbətimiz zamanı Xankəndidə müəllim kimi fəaliyyət göstərməsindən qürur hissi keçirdiyini bildirir.

"Bura köçənə qədər ailəmdən həmişə Qarabağ, Xankəndi haqqında eşidirdim. İndi isə artıq öz gözümlə illərdir eşitdiyim o gözəlliyin şahidiyəm".

O, həm də pedaqoq kimi şagirdlərinə Qarabağa qayıdışın əhəmiyyətini, eləcə də 30 illik həsrətin şəhidlərin qanı-canı bahasına əldə olunmasını davamlı şəkildə təlqin etdiyini qeyd edir.

"Çünki bu, bir müəllim kimi mənim və həmkarlarımızın borcudur. Mənim həyat yoldaşım Quliyev Şəhriyar da Vətən müharibəsi iştirakçısı olub. Bu özü də mənim üçün ayrıca bir qürur hissidir".

Zəfərdən intibaha: Qarabağın təhsil mərkəzi Xankəndidən REPORTAJ

Məktəbi ziyarətimiz həm də bizə onu öyrədir ki, bura həm tarixi keçmişi, həm də müasir siması ilə Xankəndi şəhərinin təhsil həyatında yeni bir səhifə açmaqdadır.

Ötən əsrin ortalarından boylanan bu fəaliyyət Qarabağ tarixinin ən ağrılı-acılı və keşməkeşli günlərinə şahidlik etdiyi kimi, indi onun yenidən qurulmasına, çiçəklənməsinə də şahidlik edir.

Fatimə Quliyevanın və həmkarlarının fəaliyyəti isə buranı təhsil müəssisəsi olmaqla bərabər, həm də böyük bir vətənpərvərlik məktəbinə çevirir.

Xankəndi tələbə şəhəri kimi

2023-cü ildə yaradılan Qarabağ Universiteti regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasına xidmət edir.

Tarixə nəzər salsaq, 1969-ci ildə Qarabağda ilk ali təhsil müəssisəsi Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub və 1980-89-ci illərdə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib.

Universitet ətrafına dolandıqca özümüz üçün bir daha aydın olur ki, işğaldan azad edildikdən dərhal sonra Qarabağa addım-addım həyatı qaytardığımız kimi, həm də təhsili və tədrisi qaytarmışıq. Bunun ən böyük məntiqi nəticələrindən biri olan Qarabağ Universiteti misalında rahatlıqla Xankəndi şəhərini həm də "Tələbə şəhəri" adlandırmaqda heç bir qüsur yoxdur.

Bizi qapıda universitetin rektoru Şahin Babayev qarşılayır. Rektorla ayaqüstü söhbət etdikdən, universitetin aurasına öyrəşdikdən sonra yavaş-yavaş çəkilişimizə başlayırıq.

Həmsöhbət olduğum Fizzə və Lamiyə Məmmədova bacıları universitetin ən fəal əməkdaşlarındandır.

Fizzə Məmmədova universitetdə Keyfiyyətin təminatı və strateji inkişaf şöbəsinin böyük mütəxəssisi kimi fəaliyyət göstərir. Bacısı Lamiyə Məmmədova isə Tələbələrlə iş mərkəzinin böyük mütəxəssisidir.

Bacılar universitet qurulduqdan və vakansiyalar elan olduqdan dərhal sonra özlərini Qarabağ Universitetində gördüklərini deyirlər.

"Əslən Gəncədənik. Buradakı işimizdən və ümumən həyatımızdan razıyıq. Xankəndi bir şəhər kimi bütün gözləntilərimizi qarşılayır", – deyir Fizzə Məmmədova və əlavə edir ki, buradakı sosial həyatları da olduqca dinamik və yaradıcıdır.

Lamiyə Məmmədova isə Qarabağa köçməklə bağlı qərarlarının ailələrində çox yaxşı qarsalandığını bildirir.

"Atam bu qərarımızı xüsusilə dəstəklədi".

Bacılar Xankəndi şəhərində təhsil həyatının bir parçası olduqlarından qürur duyduqlarını ifadə edirlər.

Universitetin ikinci kurs tələbəsi Elşən Hümbətov isə əslən Laçındandır.

O da Qarabağ Universitetində təhsil almasından və əldə etdiyi uğurlardan qürur hissi keçirdiyini bildirir.

"Burada oxumaq, özümü inkişaf etdirmək mənim üçün çox əlverişlidir. Həmçinin Xankəndidə yaşamaq, qayıdan təhsilin bir parçası olmaq məni çox sevindirir. Mən Qarabağ Universitetini seçəndə buranın potensialını hiss etmişdim".

Universitetdə olduğumuz vaxt imtahan sessiyası ilə üst-üstə düşdüyündən çəkiliş heyətimizlə prosesə maksimum mane olmamağa çalışırıq. Əvəzində fürsətdən istifadə edib universitetin bütün lazımi avadanlıqlarla təchiz olunmuş otaq və kabinetlərinə baş çəkir, özümüz üçün kadrlar götürür və səfərimizi yekunlaşdırırıq.

Xankəndi şəhərinə səfərimiz bizim üçün bir daha buranın təhsil-tədris mərkəzi kimi böyüməkdə və inkişaf etməkdə olduğunu qətiləşdirir.

Yeddi günlük səfərimizin əsas qayəsi Qarabağ və Şərqi Zəngəzurun sürətli intibahına - "Böyük Qayıdış" proqramı çərçivəsində reallaşdırılan nəhəng bərpa-quruculuq işlərinə yaxından şahidlik etmək idi.

Bu səfərdə həm də otuz illik ağır ayrılıqdan və vətən həsrətindən sonra öz əzəli ata-baba yurdlarına qayıdan sakinlərin yenidən canlanan həyat hekayələrini, onların sevinc və qürur dolu hisslərini işıqlandırmağı qarşımıza məqsəd qoymuşduq.

Geri dönərkən yolboyu bizi müşayiət edən mənzərəyə baxa-baxa həmin bir həftə təkrar-təkrar gözümüzün önündən keçir, ağrılı-acılı həyat hekayələrinin bundan sonrakı parlaq mərhələsi barədə düşünürdük.

Maşının pəncərəsindən görünən həmin mənzərə isə bu günün Qarabağ adını tamamilə ifadə edir: bir tərəfdə işğal dövrünün ağır mirası olan, tariximizin qanlı yaddaşına çevrilmiş dağıdılmış evlərin və viran qoyulmuş yurdların qalıqları, digər tərəfdə isə bu xarabalıqların üzərində yüksələn müasir infrastruktur layihələri…

Bu iki təzad fonunda, əlbəttə, Azərbaycanın sarsılmaz iradəsi ilə inşa edilən Qarabağın parlaq gələcəyi hər addımda daha aydın, daha real görünür.

Qarabağlı və aydın günlərə!..

Son xəbərlər

Bütün Xəbər Lenti