AEBA rəhbəri ABŞ rəsmisilə İran dosyesini müzakirə edib

Digər ölkələr
  • 27 fevral, 2026
  • 23:25
AEBA rəhbəri ABŞ rəsmisilə İran dosyesini müzakirə edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Ya ilə görüşündə İran dosyesi müzakirə olunub.

"Report" xəbər verir ki, bu barədə Rafael Qrossi "X" səhifəsində məlumat yayıb.

"Bu gün AEBA-da ABŞ dövlət katibinin silahlara nəzarət və yayılmama üzrə köməkçisi Kristofer Yanı qəbul etdim. Biz İran və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi apardıq", - o yazıb.

Daha əvvəl cümə günü Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz teleqram kanalında yazıb ki, o, Qrossi ilə Ukraynaya aid bəzi məsələləri, eləcə də İranın nüvə proqramı ətrafındakı hazırkı vəziyyəti və gələcək danışıqların perspektivlərini müzakirə etmək üçün görüşüb.

Xatırladaq ki, fevralın 26-da İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin və ABŞ-nin texniki qruplarının AEBA ekspertlərinin iştirakı ilə bazar ertəsi, martın 2-də Vyanada məsləhətləşmələrə başlayacağını bildirib.

Onun sözlərinə görə, tərəflər texniki aspektləri siyasi tələblərə uyğunlaşdırmaq niyyətindədirlər. Nazir əlavə edib ki, nüvə dosyesi üzrə ABŞ-İran danışıqlarının növbəti raundunun bir həftədən az müddətdə keçirilməsi mümkündür.

Son xəbərlər

Bütün Xəbər Lenti