Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Gəncədədirlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Gəncədədirlər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri Gəncə şəhərinə səfəri başlayıb
Qarabağ
11 Aprel , 2021 15:47
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri Gəncədədirlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri Gəncə şəhərinə səfəri başlayıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yüksək vəzifəli rəsmilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşahidə edir.

Onlar Ermənistanın müharibə zamanı Gəncə şəhərində törətdiyi cinayətləri ilə yaxından tanış olmaq məqsədilə ilk olaraq oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Orada nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Nümayəndə heyətinə bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydiyi bildirilib.

Həmçinin qonaqlar düşmən tərəfindən Gəncə şəhərində törətilın növbəti, oktyabrın 17-də törədilmiş cinayətlə bağlı məlumatlandırılıblar. Bildirilib ki, həmin gecə düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.

Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri Gəncə şəhərindən öncə ermənilər tərəfindən viran edilmiş Ağdam rayonunda olublar.

Son xəbərlər

Orphus sistemi