“Club 100” təşkilatının 30-dan çox səyahətçidən ibarət nümayəndə heyəti Horadizdə minatəmizləmə prosesi ilə tanış olub.
"Report" xəbər verir ki, qonaqlara mina təhlükəsi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə prosesi barədə məlumat verilib.
Səyahətçilərə aşkar edilmiş minaların və partlamamış hərbi sursatların partladılması prosesi nümayiş etdirilib.
Xatırladaq ki, mayın 11-də İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olacaq.
Daha əvvəl ETIC, MTP, TCC, “NomadMania” kimi dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil edilib. Artıq ötən 2 il ərzində Qarabağ və Şərqi Zəngəzura 6 səfər təşkil olunub.