Hesablama Palatası: Peşə kurslarında proqramlar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır
- 18 noyabr, 2026
- 17:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda peşə kurslarında proqramlar əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır.
"Report" bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu ilin I yarısında isə peşə hazırlığına cəlb edilən 9 149 nəfərdən 6 757 nəfəri və yaxud 73,9 %-i peşə hazırlığını bitirib, 4 104 nəfəri və yaxud 44,9 %-i işlə təmin edilib. 2025-ci ildə isə peşə hazırlığına cəlb olunan şəxslərin 71,7 %-i kursları başa vurmuş, hazırlığa cəlb edilənlərin 44 %-i, kursları bitirənlərin isə 61,4 %-i işlə təmin edilib.
"Əldə olunmuş nəticələrə əsasən, bu göstəricilər, həmçinin cari ilin 6 aylıq dövrünə dair göstəricilər əvvəlki illərlə müqayisədə peşə hazırlığı ilə əhatə olunmuş vətəndaşlar üzrə müsbət göstəricilər nümayiş etdirsə də, əvvəlki il üzrə kursu bitirənlərin təlimlərə cəlb edilənlərə nisbətinin 71,7 % təşkil etməsi, beynəlxalq təcrübə diqqətə alınmaqla, orta göstərici hesab olunduğu vurğulanmalıdır. Həmçinin, peşə hazırlığına cəlb edilmiş müəssisələr üzrə göstəricilərin təhlili ilə bu fəaliyyətinn gücləndirilməsinə, xüsusilə tabeliyində olan müəssisələrə münasibətdə detallı strategiyanın hazırlanmasına peşə hazırlığı üzrə məlumat bazasının tam formalaşdırılmasına ehtiyac olması diqqətə çatdırılmalıdır. Eyni zamanda, təlimlərin regionlar və peşələr üzrə bölgüsü, eləcə də əmək bazarının tələbləri ilə təklif olunan ixtisaslar arasında uyğunluğun yetərincə təmin edilməsi zərurəti də vurğulanmalıdır. Qeyd olunanlar peşə hazırlığı sisteminin əmək bazarının tələbləri əsasında təkmilləşdirilməsini, yaxın və orta müddətdə əmək bazarında formalaşacaq tələbatın daha dəqiq müəyyənləşdirilməsi, peşələr üzrə məşğulluq nəticələrinin sistemli təhlili və əldə olunan nəticələr əsasında tədris olunan peşə istiqamətlərinin mütəmadi yenilənməsi və təkmilləşdirilməsinin məqsədəuyğun olduğu barədə qənaətə gəlinib", - deyə Rəydə qeyd olunub.