Azərbaycanda diplomatik missiyası başa çatan Polşa səfiri Rafal Poborski Şuşada konsert zalının tikintisinə dair elan edilmiş tenderdə ölkəsini təmsil edən şirkətin qalib gələcəyinə ümidvar olduğunu bildirib.
Bu barədə diplomat “Report”a müsahibəsində deyib.
"Polşanın “Kuryłowicz & Associates” şirkəti tenderlərlə bağlı qısa siyahıya daxil edilib və zalın tikintisi üçün təklif verən bir neçə beynəlxalq memarlıq firmasından biridir. Çox ümid edirəm ki, tenderin qalibi məhz bu şirkət olacaq. İki aspekti qeyd etmək istəyirəm. Birincisi, bu büro çox keyfiyyətli dizayn təklif edib və əminəm ki, layiqli bina tikəcək. İkincisi, Şuşa təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzidir. Eyni zamanda, Şuşa şəhəri 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün də əhəmiyyət kəsb edir”, - səfir bildirib.
Poborski qeyd edib ki, polşalı memarların tarixi şəhərin bərpası prosesində iştirakı Bakı ilə Varşava arasındakı münasibətlərdə mühüm rol oynayardı:
"Şuşada polşalı memarların layihəsi əsasında inşa edilmiş konsert zalı Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Kukla Teatrının binaları kimi möhtəşəm layihələrin davamı olacaq".
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.