Azərbaycanla bağlı son dərəcə müsbət təəssüratlar və xoş xatirələr qazandım.
Bunu səlahiyyət müddətinin bitməsi ilə əlaqədar “Report”a müsahibə verən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.
O qeyd edib ki, Azərbaycanda səfir olduğu dörd ildən daha artıq bir vaxt son dərəcə maraqlı oldu:
“Bu dövr istər beynəlxalq, istərsə də ölkədaxili müstəvidə Azərbaycan və Polşaya, eləcə də ikitərəfli münasibətlərimizə təsir göstərən mühüm hadisələrlə zəngin olub. Mən hamımıza təsir edən COVID-19 pandemiyası zamanı burada idim. Bundan əlavə, II Qarabağ müharibəsi zamanı bu vəzifədə olmuşam və Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə şahidlik etmişəm”.
Səfir düşünür ki, Azərbaycanla kifayət qədər tanışdır, amma əlbəttə ki, görəcəyi çox şey var.
“Ona görə də hələ getmədiyim yerləri ziyarət etmək üçün məmnuniyyətlə geri qayıdacağam. Çox şadam ki, burada, Azərbaycan xalqı arasında olmaq fürsəti əldə etdim və sizinlə birlikdə həm xoş, həm də çətin anları yaşadım”, - o deyib.
R.Poborski vurğulayıb ki, Polşa ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq üzərində qurulub və strateji xarakter daşıyır. Diplomat xatırladıb ki, iki ölkə BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda siyasi məsələlərin bir çox aspektləri üzrə əməkdaşlıq edir:
“Polşa Avropa İttifaqının və NATO-nun üzvü kimi regionda, eləcə də Azərbaycanla ikitərəfli əməkdaşlıqda çox fəaldır. Biz ticarət həcmimizi artırmaq üçün çox çalışırıq və çox şadam ki, COVID-19 pandemiyasının mənfi təsirindən sonra biz əvvəlki ticarət səviyyəsini bərpa edə və hətta onu üstələyə bilmişik”.
Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələr intensiv şəkildə inkişaf edir, müxtəlif səviyyələrdə müntəzəm dialoq aparılır.
“Keçən ay biz xarici işlər nazirinin müavini ilə siyasi məsləhətləşmələr təşkil etdik. Xarici işlər nazirlərimiz bu yaxınlarda Londonda Avropa Siyasi Birliyinin iclası çərçivəsində görüşüblər”.
Səfir xatırladıb ki, nazirliklərdən nəqliyyat qrupu Bakıda olub. Onun fikrincə bu, böyük əhəmiyyət kəsb edir, çünki Azərbaycan və Polşa əraziləri vasitəsilə Asiya və Avropanı birləşdirən logistika, nəqliyyat və multimodal dəhlizlər əlaqələrimizin mühüm tərkib hissəsidir.
Diplomat Polşanın memarlıq bürolarından birinin Şuşada konsert zalının layihələndirilməsi və tikintisi ilə bağlı müsabiqənin qısa siyahısına daxil edilməsinə də münasibət bildirib. O adıçəkilən tenderlə bağlı yenilənmiş məlumata malik olmadığını bildirib:
“Hazırda məsələyə Azərbaycan tərəfi baxır. Bilirəm ki, Polşanın “Kuryłowicz & Associates” şirkəti qısa siyahıya daxil edilib və zalın tikintisi üçün təklif verən bir neçə beynəlxalq memarlıq firmasından biridir”.
Səfir məhz bu şirkətin tenderin qalibi olacağına çox ümid etdiyini bildirib və qeyd edib ki, bunun vacibliyini göstərən iki aspekt var:
“Birincisi, bu büro çox keyfiyyətli dizayn təklif edib və layiqli bina tikəcək. İkincisi, Şuşa təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzidir. Eyni zamanda, Şuşa şəhəri 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr üçün də əhəmiyyət kəsb edir. Çox istərdim ki, bu tarixi şəhərdə Polşa memarlarının izləri qalsın. Şuşada Polşa memarlarının layihəsi əsasında inşa edilmiş konsert zalı Bakıda görməyin mümkün olduğu Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Kukla Teatrının binaları kimi möhtəşəm layihələrin davamı olacaq”.
R.Poborski Polşa şirkətlərinin, xüsusilə tikinti sektorunda olan şirkətlərin Azərbaycanın Qarabağ bölgəsinə böyük maraq göstərdiyini deyib. O həmçinin bildirib ki, bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq layihələri də müzakirə olunur.
“Polşa bu sahədə çox güclüdür. Biz dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan kimi “yaşıl inqilab” yaşayırıq. Polşanın enerji balansında “yaşıl enerji”nin rolu artır. Ona görə də hesab edirəm ki, bərpa olunan enerji mənbələri həm də çox vacib sahədir. Təkliflərini təqdim etmək üçün Azərbaycana yalnız bir neçə şirkət gəlib”, - o deyib.
İki ölkə arasında ticarət əlaqələrinə toxunan diplomat vurğulayıb ki, birbaşa hava əlaqələri və insanlar arasında əlaqələrin artması sayəsində Polşa Beynəlxalq Ticarət Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında institusional dialoq da genişlənir.
Onun sözlərinə görə, bundan əlavə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə çox sıx əməkdaşlıq edirlər və bu, artıq nəticə verməkdədir:
“Azərbaycana ixracımız ildən-ilə artır, lakin Azərbaycanın da Polşaya ixracında artım var. Biz istəyirik ki, məhsullarını satmaq və ya sərmayə qoymaq imkanlarını nəzərdən keçirən polşalı iş adamları öz bizneslərini genişləndirmək üçün Azərbaycanı ilk ölkələr sırasında nəzərə almağa başlasınlar. Səfirliyimizin, eləcə də Azərbaycanın Varşavadakı səfirliyində çalışan həmkarlarımın əsas vəzifələrindən biri insanları birləşdirməkdir”.
Orta Dəhliz layihəsinə toxunan diplomat onu çox perspektivli adlandırıb.
“Mən şadam ki, biz onun üzərində müxtəlif formatlarda işləyirik. Ümid edirəm ki, yaxın gələcəkdə bu dəhlizdən istifadənin genişləndirilməsi üçün şərait yaradılacaq, çünki ikitərəfli münasibətlərimizdə həm Polşanın, həm də Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi üçün ideal mövqeyə malik olması vacibdir. Biz Avropanın mərkəzində yerləşirik, yeddi ölkə ilə həmsərhədik, Skandinaviya və Baltikyanı regionu cənubla, eləcə də şərq və qərblə birləşdiririk. Azərbaycanın isə Avropa ilə Asiya arasında körpü olduğunu söyləmək olar. Beləliklə, biz birlikdə bu layihəni ətraflı öyrənməli, strategiya hazırlamalı və ondan faydalanmalıyıq”, - diplomat deyib.
Bakıda noyabrda keçiriləcək COP29-da Polşanın iştirakına toxunan səfir tədbirdə Prezident Andjey Dudanın iştirak edəcəyini deyib:
“Biz Polşanın COP29-da ən yüksək səviyyədə iştirakından danışırıq, belə ki, Prezidentimiz Andjey Dudanın nümayəndə heyəti ilə səfərinə hazırlaşırıq. Təbii ki, konfransda Polşanın İqlim və Ətraf Mühit Nazirliyinin nümayəndə heyəti də təmsil olunacaq. Bu, COP29-da müzakirə olunacaq məsələlərə görə məsul olan müvafiq nazirlikdir. Beləliklə, Polşanın konfransda iştirakı mümkün qədər tam olacaq.
Prezident Dudanın Azərbaycana səfəri həm də ölkə Prezidenti İlham Əliyevlə ikitərəfli görüş üçün fürsət olacaq”.