Ermənilərin Qubadlıda qətlə yetirdiyi Oleq Babakın Ukraynada xatirəsi anılıb

Ermənilərin Qubadlıda qətlə yetirdiyi Oleq Babakın Ukraynada xatirəsi anılıb Onun şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub
Qarabağ
377
9 May , 2021 16:33
Ermənilərin Qubadlıda qətlə yetirdiyi Oleq Babakın Ukraynada xatirəsi anılıb

Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Poltava vilayətinin Viktoriya kəndində sonuncu Sovet İttifaqı Qəhrəmanı, I Qarabağ müharibəsində erməni terrorçularına qarşı vuruşaraq həlak olmuş Oleq Babakın xatirəsi anılıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, mərasimdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, səfirliyin diplomatları, hərbi attaşesi polkovnik İlqar Ağayev, O.Babakın atası Yakob Babak və anası Nadejda Babak, yaxınları, yerli sakinlər, Poltava vilayəti Priyatin rayon rəsmiləri, Poltava Şəhər Administrasiyasının rəsmiləri iştirak ediblər.

Səfir E.Axundova, səfirliyin diplomatları, hərbi attaşe aparatının əməkdaşları əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar.

Qeyd ediblər ki, O.Babakın xatirəsi həmişə Azərbaycan xalqı tərəfindən əziz tutulur, yad edilir. Səfir O.Babakın valideynlərinin qayğısı ilə maraqlanıb və onlara səfirliyin hədiyyələrini təqdim edib.

Tədbir iştirakçıları O.Babakın qəbrini ziyarət edib, məzarı başında nitq söyləyiblər.

Səfir E.Axundova O.Babakın Azərbaycanın Qubadlı rayonunda, ümumiyyətlə işğaldan azad olunmuş ərazilərdən birində adının əbədiləşdirilməsi ilə bağlı lazımı tədbirin görüləcəyini, bu barədə iş aparılacağını bildirib.

Səfir O.Babakın vaxtı ilə mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan danışaraq bildirib ki, o, yerli kənd camaatı ilə birgə, təxminən, 70 erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyib və son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

E.Axundova vurğulayıb ki, artıq O.Babakın ruhu da şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz işğalda olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib.

Sonra səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev, Priyatin şəhər meri Andrey Simonov, ikinci katib Samir Allahverdiyev və digərləri çıxışlarında onun hərbi xidmətdə olarkən göstərdiyi şücaətlərdən danışıblar. Bildiriblər ki, bu gün Azərbaycan xalqı O.Babakın göstərdiyi qəhrəmanlığı unutmayıb.

Daha sonra tədbir iştirakçıları O.Babakın təhsil aldığı orta məktəbə gələrək muzeylə tanış olublar.

Son xəbərlər

Orphus sistemi