“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.
“Report” xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.
O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.
Diplomatın sözlərinə görə, Fransa prezidenti hərbi əsirlər, humanitar yardım və mədəni irsin qorunması məsələlərində konkret irəliləyiş əldə edilməsinin vacibliyini vurğulayıb.
“Prezidentlər vəziyyətin davamlı həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Yaxın gələcəkdə bu istiqamətdə konkret təşəbbüslər irəli sürüləcək”, – o deyib.
Səfir vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin 13 aprel açıqlamasında da göstərildiyi kimi, danışıqların bərpası həmsədrlər üçün prioritetdir.