Yarım il əvvəl, 2023-cü ilin payızında Qarabağın Xankəndi şəhəri Azərbaycanın tam nəzarətinə qayıtdı, bu anı Azərbaycan 30 ildir gözləyirdi.
Bu fikirlər “Report”un xüsusi müxbiri Mübariz Aslanovun Qarabağın bərpası ilə bağlı UNİAN-a hazırladığı reportajda yer alıb.
Məqaləni müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
Parçala və idarə et
Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Yüz il bundan əvvəl, 1923-cü ildə azərbaycanlıların və ermənilərin məskunlaşdığı bu ərazi bolşeviklərin Azərbaycanı işğal etməsindən sonra Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu alıb. Bu hüquqi incəlik gələcək etnik gərginliyin əsasını qoyub. Bəlkə də sovet funksionerlərinin planı belə idi – bu yolla Cənubi Qafqazı nəzarətdə saxlamaq daha asan idi.
Qarabağ separatçılarının ilk təxribatları Ermənistan partiya rəhbərliyinin dəstəyi və Moskvanın susqunluğu fonunda hələ SSRİ-nin dağılmasından əvvəl, ötən əsrin 80-ci illərində başlayıb. 1992-ci ildə isə Birinci Qarabağ müharibəsi başlayıb. O vaxt bölgəyə nəzarəti Ermənistan ələ keçirdi. Çoxlu sayda azərbaycanlı evlərini tərk edib qaçqın vəziyyətinə düşmək məcburiyyətində qaldı - Rusiyanın Krımı və Donbasın bir hissəsini işğal etməsindən sonra on minlərlə ukraynalının məcburi köçkünə çevrilməsi kimi... Qarabağın bütün ərazisinin və ona bitişik yeddi rayonun Bakının nəzarətinə qaytarılması Azərbaycanın əsas tələbinə çevrildi.
Bu ərazilərin bir hissəsi 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Bakının nəzarətinə qaytarıldı. 2023-cü il sentyabrın 19-20-də isə Azərbaycan lokal antiterror tədbirləri ilə Qarabağın qalan hissəsinə də nəzarəti bərpa edib. Beləliklə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edilib.
İşğaldan sonra bərpa
Qarabağın İranla sərhədində yerləşən Füzulidən olan sakin Sevil Novruzova 30 il Bakıda qaçqın həyatı yaşayıb. O, 1993-cü ildə evlərindən necə didərgin düşdüyünü xatırlayır və deyir ki, onun vaxtilə yaşadığı ev indi ailəsinin qayıtdığı yerdən 300 metr aralıda olub.
“İndi dünyanın bir çox ölkələrində müharibə gedir. Ukraynalılar bizim 30 il əvvəl olduğumuz vəziyyətdədir. Mən onları çox yaxşı başa düşürəm. Arzu edirəm ki, ukraynalılar da tezliklə bizim yaşadığımız sevinci yaşasınlar, ev-eşiklərinə qayıtsınlar. Onlar əmin olsunlar ki, bu mümkündür. Ölən ukraynalıların yaxınlarına səbr diləyirəm”, - o bildirib.
Yerli sakinlərin dediyinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində Füzuli şəhəri və onun ətrafı demək olar tam dağıdılıb, Ermənistan silahlı qüvvələri tərəfindən yerlə-yeksan edilib, ərazi isə minalanıb. 2020-ci ilin oktyabrında Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra Füzulidə şəhərin mərkəzinin əsaslı şəkildə yenidən qurulması prosesi gedir. Keçmiş qaçqınların qayıtdıqları yeni evlər sözün əsl mənasında köhnə şəhərin xarabalıqları üzərində tikilir.
Ağdam şəhəri daha çox zərər görüb. Şahidlərin sözlərinə görə, şəhər və ətrafı son kərpicinə qədər dağıdılıb. 2020-ci ildə işğaldan azad olunduqdan sonra Ermənistan Azərbaycana burada azı 97 min minanın basdırıldığı barədə məlumat təqdim edib.
İndi Ağdamın minalardan təmizlənməsi və bərpası paralel olaraq gedir.
Qarabağın ürəyi – Kiçik Qafqaz dağlarının ən uca zirvəsində yerləşən Şuşa şəhəri isə bu gün böyük tikinti meydanına çevrilib. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan və yerli əhali qovulduqdan sonra təkcə sakinlərin evləri deyil, həm də mədəniyyət abidələri də dağıdılıb. Məsələn, Gövhərağa məscidi, Qarabağ xanı Pənahəli xanın tez-tez hücuma keçən İran şahlarından özünü daha effektiv müdafiə etmək üçün 1752-ci ildə əsasını qoyduğu xanlığın inzibati mərkəzi olan tarixi Şuşa qalası. 2020-ci ildə işğaldan azad edildikdən sonra Şuşada məscidlər yenidən tikilir, kilsələr bərpa olunur, son üç ildə üç müasir mehmanxana yaradılıb, yeni yaşayış kompleksləri tikilib istifadəyə verilir.
Şükür Həsənov orta məktəbdə oxuyarkən valideynləri ilə birlikdə Şuşa şəhərinə köçüb.
“Biz yaxşı yaşayıb keçinirdik, separatçılar gələnə qədər ermənilərlə normal münasibətimiz var idi. Biz qovulanda uşaqlarımın 8-9 yaşı var idi. İndi isə onların 40 yaşı var. Biz gedəndə yollarımızı bağlayır, maşınlarımızı daş-qalaq edirdilər... Çoxlu sayda günahsız insanlar zərər gördü”, - o xatırlayır.
“Zamana görə” ad dəyişimi
30 ildir evlərində olmayan azərbaycanlılar Böyük Qayıdış proqramı çərçivəsində doğma Qarabağa qayıdırlar. Onlar nəinki həyat tərzini yenidən qurmaq, hətta toponimləri belə dəyişdirmək niyyətindədirlər ki, heç nə onlara uzun işğal dövrünü xatırlatmasın.
Ən parlaq nümunələrdən biri isə Xankəndi şəhəridir.
XVIII əsrin ortalarında Qarabağ xanı Mehdiqulu xan tərəfindən salınmış şəhərin adı “Xanın kəndi” mənasını verir. Hətta XIX əsrin ortalarında çar Rusiyası tərəfindən işğal olunduqdan sonra da yerli zadəganların xahişi ilə bu ad saxlanılıb. Lakin sovet hakimiyyəti qurulduqdan, süni şəkildə “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldıqdan və Xankəndi vilayət mərkəzi kimi müəyyən edildikdən sonra şəhər bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb.
SSRİ-nin dağılması ərəfəsində, 1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə şəhərin keçmiş adı - Xankəndi bərpa edilib. Amma bu, Birinci Qarabağ müharibəsinə qədər belə olub. Region ermənilər tərəfindən işğal edildikdən 2023-cü ilin sentyabr ayına kimi Xankəndi “Stepanakert” kimi mövcud olub. Artıq o öz tarixi adını bərpa edib.
Müşahidələrimizə əsasən, hazırda Qarabağda və ətraf rayonlarda hər şey sakit və sabitdir - hərbi münaqişə geridə qalıb, dağıdılmış ərazilərin bərpası və 30 il əvvəl öz evlərini tərk etmək məcburiyyətində qalmış qaçqınların geri qaytarılması prosesi davam edir.