Nazir azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarından danışıb

Nazir azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarından danışıb “Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər”.
Qarabağ
23 Dekabr , 2021 09:40
Nazir azad olunan ərazilərdə minatəmizləmə əməliyyatlarından danışıb

“Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər”.

“Report”un xəbərinə görə, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

O deyib ki, şanlı zəfərdən sonra Prezidentin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunan ərazilərdə təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi, mümkün fövqəladə halların vaxtında xəbərdar edilməsi və nəticələrinin çevik aradan qaldırılması işinin təmin edilməsi məqsədilə nazirliyin müvafiq strukturlarının həmin ərazilərdə fəaliyyətinin təşkilinə başlanılıb: “Qeyd edilməlidir ki, işğaldan azad edilən ərazilərimizdə FHN-in müvafiq qurumlarının qısa müddətdə fəaliyyətə başlaması fövqəladə halların effektli idarə edilməsi istiqamətində əhəmiyyətli rol oynayıb. Bu çərçivədə işğaldan azad olunan ərazilərdə böyük sürətlə icra olunan layihələr üzrə işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyinin, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq qurumlarımız tərəfindən intensiv iş aparılır”.

K.Heydərov deyib ki, yerli strukturların fəaliyyətə başlaması həm də baş verən fövqəladə halların, o cümlədən açıq sahələrdə baş verən yanğınların qısa müddətdə qarşısının alınmasına imkan yaradıb: “Məhz işin vaxtında və düzgün planlaşdırılması, qüvvə və vasitələrin effektli və çevik tətbiq edilməsi sayəsində baş verən yanğınların geniş əraziyə yayılmasına imkan verilməyib, qısa müddətdə söndürülməsi təmin olunub. Nəzərə alsaq ki, həmin ərazilərdə Ermənistan tərəfindən külli miqdarda minalar basdırılıb, bu işin nə qədər mürəkkəb və riskli olduğu tam aydın olar. Məhz mina təhlükəsi nəzərə alınaraq, yay aylarında açıq ərazilərdə baş vermiş yanğınlarla mübarizə tədbirlərinə helikopterlər fəal şəkildə cəlb edildi”.

“Bu ilin yanvar ayından başlayaraq, FHN-in müvafiq qüvvələri işğaldan azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatlarında fəal iştirak edirlər. Bu işin sürətləndirilməsi məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla xüsusi təyinatlı mexanikləşdirilmiş alayı yaradılıb. Hazırda alayın ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir”, - nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi