“Bizim qələbəmizin nəticələrindən biri o oldu ki, bu gün artıq 1990-cı illərin əvvəlində müharibəyə nəyin səbəb olması, işğalın nəticələrinin nədən ibarət olması, işğalçıların zəbt etdikləri ərazilərdə nələr törətməsi barədə heç kəsin şübhəsi yoxdur. Buna görə də həm beynəlxalq hüquq, həm Qarabağın Azərbaycana mənsub olması barədə tarixi həqiqət, həm də bu gün beynəlxalq kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların əyani şəkildə gördükləri bizim haqlı olduğumuzu bir daha sübut edir. Biz 30 il ərzində bunu sübut edirdik və son nəticədə döyüş meydanında işğalçıları müqəddəs torpaqlarımızdan qovaraq silah gücünə bunu sübut etdik”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən deyib.
“Türk Şurasının Baş katibi müharibə dövründə dəfələrlə bəyanatlarla çıxış edib, müharibənin lap əvvəlində siz Azərbaycanı dəstəkləyən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanat vermisiniz. Həmçinin bəyan etmisiniz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Bu, müharibənin praktiki olaraq ikinci günü idi. Oktyabrın 20-də siz Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etdiniz, Azərbaycan xalqına başsağlığı verdiniz. Daha sonra, oktyabrın sonunda siz münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində nizamlanmasının zəruri olması barədə bəyanatla çıxış etdiniz, Ermənistan tərəfindən Cenevrə konvensiyalarının pozulması barədə danışdınız. Siz mənə noyabrın əvvəlində məktubla müraciət etdiniz, ayın 2-də isə sizinlə Bakıda görüşdük və siz Azərbaycanı dəstəklədiyinizi bir daha bildirdiniz. 44 gün ərzində dörd dəfə Türk Şurasının Baş katibi adından rəsmi bəyanat verildi. Biz bunu, həmçinin hazırda sizin Azərbaycanda olmağınızı, işğaldan azad edilmiş ərazilərə səfər etməyinizi, eşitdiklərinizi və yəqin ki, qismən televizorda gördüklərinizi öz gözlərinizlə görməyinizi çox yüksək qiymətləndiririk. Buna görə də sizə bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır. Biz başqa təşkilatlara – İslam Əməkdaşlıq Təşkilatına da, Qoşulmama Hərəkatına da təşəkkür edirik. Bu müddətdə bizi dəstəkləyən ölkələrə təşəkkür edirik. Ona görə ki, bu çətin vaxtda mənəvi-siyasi dəstək, əlbəttə, bizim xalqımız üçün, habelə baş verənlər barədə həqiqəti bütün dünyanın daha çox bilməsi üçün olduqca vacibdir”, - dövlət başçısı qeyd edib.