Bakıda cəmiyyətin inkişafında qadın intellektinin gücü müzakirə olunub

Daxili siyasət
  • 24 noyabr, 2026
  • 12:17
Bakıda cəmiyyətin inkişafında qadın intellektinin gücü müzakirə olunub

Bakıda keçirilən "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" konfransında "Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü" adlı panel sessiya baş tutub.

"Report"un məlumatına görə, panel sessiyada çıxışçılar maarifləndirmə sahələrində qadınların rolunun artırılmasının, onların intellektual potensialından səmərəli istifadə edilməsinin əhəmiyyətini vurğulayıblar.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva qadın intellektinin cəmiyyətə qazandırılması üçün, ilk növbədə, intellektin meyarlarının müəyyənləşdirilməli olunduğunu qeyd edib:

"Sosial mediada nə görürüksə, deməli, cəmiyyətimizdə də həmin mənzərə mövcuddur. Məsələn, mən "Gender və media" dərsində tələbələrə tapşırıq vermişdim. Sosial şəbəkədəki xəbər başlıqlarını araşdıranda qadınların, əsasən, qurban rolunda təqdim olunduğunu gördülər. Növbəti həftə isə tələbələrdən gündəlik mediada qadını pozitiv işıqlandıran məqalə tapmaqlarını istədim. 40 nəfərlik auditoriyada hamı oxşarməzmunlu xəbərlər təqdim etdi. Yəni sosial media qadınları stereotipləşdirir".

Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktor, dosent Asəf Qənbərov isə qeyd edib ki, Azərbaycan qadınının hüquqlarının ən yaxşı müdafiəçisi elə Azərbaycan qadınıdır.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə isə XXI əsrin, əslində, qadın əsri adlandırılmasına diqqət çəkib:

"Bunun əsas səbəblərindən biri qadınların kompüter və rəqəmsal texnologiyalardan daha fəal istifadə etməsidir. XXI əsrin ən mühüm məsələlərindən biri gender simmetriyasının formalaşmasıdır".

Professor rəqəmsal inkişafın sürətləndiyi XXI əsrdə bütün məsuliyyətin qadınların üzərinə qoyulmasını təəssüflə qeyd edib.

"Halbuki bu prosesdə qadın və kişi birlikdə iştirak etməli, bərabər məsuliyyət daşımalıdır", - o vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da öz növbəsində Azərbaycan folklorunda qadın obrazına, ana haqqına və ailə dəyərlərinə xüsusi yer verildiyini bildirib. O, azərbaycanlı qadınların dini tolerantlıq ənənələrinin formalaşmasına verdiyi töhfələrdən də danışıb. Buna nümunə kimi müsəlman qadınların Bakıda Aleksandr Nevski pravoslav kilsəsinin tikintisinə dəstək üçün öz zinət əşyalarını ianə etdiklərini xatırladıb.

Sessiya müzakirələrlə davam etdirilib.

44 filmi