Bölük komandirini və yeddi əsgəri təkbaşına mühasirədən qurtarmış qəhrəman

Bölük komandirini və yeddi əsgəri təkbaşına mühasirədən qurtarmış qəhrəman Kiçik çavuş Əli Məmmədov cəsur kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirib
Qarabağ
5 Yanvar , 2021 15:58
Bölük komandirini və yeddi əsgəri təkbaşına mühasirədən qurtarmış qəhrəman

Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də Kürdəmirin Atakişili kəndindən olan kəşfiyyatçı kiçik çavuş, şəhid Məmmədov Əli Əvəz oğludur.

Əli 44 günlük Vətən müharibəsinin 40-cı günündə şəhidlik məqamına yüksəlib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, ailənin son beşiyi və dörd bacının yeganə qardaşı olan Əli hələ uşaqlıq vaxtlarından qəlbindəki Vətən sevgisi, nəvazişi və əməksevərliyi ilə əhatəsində olanların sevgisini qazanıb.

Hələ uşaq ikən onun hərbiyə böyük marağı var idi və ən böyük arzusu hərbçi olub Vətənin müdafiəsində xidmət etmək idi. Əli orta məktəbi 9-cu sinfə qədər oxuduqdan sonra sənədlərini hərbi məktəbə versə də, həmin məktəbə qəbul ola bilməyib və bundan sonra sənədlərini Bakı Neft Energetika Kollecinə verir və qəbul olur.

Əli 3 il 6 ay həmin kollecdə oxuduqdan sonra dostlarının hərbi xidmətə getdiyini görüb dayana bilmir və kollecdə oxumağı yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanır. İlk hərbi xidmətini 1 il 6 ay sərhəd qoşunlarında keçdikdən sonra evə qayıdır. Valideynləri ona kollecdə təhsilini davam etdirməsini desələr də, Əli qətiyyətlə hərbçi olacağını bildirir. Bundan sonra Əli Mingəçevir şəhərində 3 ay kurs keçdikdən sonra müddətdən artıq hərbçi kimi xidmətə başlayır.

Əli iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də iştirak edərək xüsusi fədakarlıq göstərmişdir.

Sentyabrın 27-si müharibə başlayanda Əli də bütün igid Vətən oğullarımız kimi döyüşə atılır. Kiçik çavuş Əli Məmmədov cəsur kəşfiyyatçı kimi cəbhənin bir çox istiqamətlərində düşmənə sarsıdıcı zərbələr endirir və qəhrəmanlıq göstərir.

Əlinin döyüş yoldaşı Rəşad Dadaşov deyir ki, Əli həmişə irəlidə döyüşürdü və hamımız üçün bir nümunə idi: “Bir dəfə Əli bölük komandirini və yeddi əsgəri tək başına mühasirədən qurtardı”.

Rəşad deyir ki, Kəlbəcər istiqamətində güclü döyüşlər gedən zaman bizə yerimizin dəyişməsi komandası verildi: “Amma həmin ərazidə yaralı şəhidlərimizin olduğunu görən Əli həmin əraziyə enərək onları ərazidən çıxarmağa başlayıb. Bir neçə nəfəri çıxardıqdan sonra düşmənin atdığı mərmilərdən biri düz Əlinin yanına düşür və Əli ağır yaralanır. Dostları deyir ki, Əli bu ağır xəsarətdən sonra cəmi 15 dəqiqə yaşadı və şəhadət məqamına yüksəldi.

Əli 44 günlük Vətən müharibəsində cəbhənin Ağdərə, Füzuli istiqamətində döyüşüb və Murovdağ yüksəkliyinin, Talış kəndinin, Suqovuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıqla iştirak edib və düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib.

Onun nəşi Kürdəmirin Şıxımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. İllər keçəcək, amma Azərbaycan xalqı heç vaxt torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən Vətən oğullarının xatirəsini unutmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi