Zəlzələ nəticəsində yaranan təbiət möcüzəsi - Maralgöl - REPORTAJ

Zəlzələ nəticəsində yaranan təbiət möcüzəsi - Maralgöl - REPORTAJ Buranın zəngin təbiəti, təmiz havası, gözəl mənzərəsi insanı valeh edir
Multimedia
19 İyul , 2016 13:55
Zəlzələ nəticəsində yaranan təbiət möcüzəsi - Maralgöl - REPORTAJ

Bakı. 19 iyul. REPORT.AZ/ Son bir ildə Azərbaycanda istirahətə gedənlərin seçdikləri əsas məkanlardan biri də Göygöldür. Ötən ilin avqustun 10-dan etibarən Göygöl Dövlət Təbiət Qoruğu ziyarətçilər üçün açıq elan edilib. Amma burada gediləsi bir ünvan da var - Maralgöl. Buranın zəngin təbiəti, təmiz havası, gözəl mənzərəsi insanı valeh edir.

"Report" Göygöl və Maralgöldən reportajı təqdim edir. 

Göygöl Dövlət Təbiət Qoruğu

Qoruq ərazisinə girmək üçün adambaşına 2 manat ödədik. Qoruğun maşın dayanacağından Göygölə piyada xeyli yol qət etdik. Təmiz, soyuq hava buranın əsas özəlliklərindəndir. Yayın ən isti günlərində belə Göygöl ərazisində hava sərin keçir. 

Göygölü ziyarət edib çıxandan sonra yolda insanların toplaşdığını gördük, avtobuslara minirdilər. Məlum oldu ki, bu avtobuslar Maralgölə qalxmaq istəyən ziyarətçilər üçün xüsusi ayrılıb. Paytaxtdan bura qədər gəlib, Maralgölə qalxmamaq olmazdı. 

Qeyd edim ki, Göygöl dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir, Göygöllə Maralgöl arasında təxminən 400 metr hündürlük fərqi var. 

"Necə olur ki, gölün suyu qurumur?" sualına cavab axtarırdım ki... Öyrəndim kiGöygöl axan göldür, buraya su Yuxarı Ağsu çayından tökülür. 

300 pilləkən

Adambaşına 1 manat ödəyib Maralgölə tərəf yol aldıq. Avtobus 15 dəqiqəyə yaxın çınqıllı, daşlı dağ yolu ilə getdi və nəhayət, pilləkənlər olan yerdə saxladı. Düşdük və qarşımızda böyük bir yaşıllıq açıldı. Məlum oldu ki, Maralgölə qalxmaq üçün bu pilləkənlərlə yuxarı qalxmalıyıq. Amma 296 pilləkən qalxmalı olduğumuzu heç kim demədi. Təxminən 150 pilləkən qalxdıqdan sonra bildik ki, hələ yolun yarısındayıq.

Möcüzələr aləminə atla səyahət

Girişdə pilləkənlərin yanında dayanan atların nə üçün olduğunu 300 pilləkəni çıxıb yorulanda anladıq. Pilləkənin çox olduğunu bilənlər bu yolu at ilə çıxmağı üstün tuturlar. Ata minmək üçün isə 5 manat pul lazım olur. Amma at mənə təhlükəli gəldi, həm özüm at sürməkdən qorxurdum, həm də atın ayağının yoxuşa doğru getdikcə bir neçə dəfə büdrədiyini, sürüşdüyünü gördüm. At sürə bilənlər üçün isə dağa, Maralgölə bu cür qalxmağın çox maraqlı olduğuna əminəm...

Zəlzələnin yaratdığı möcüzə - Maralgöl

Uzun, dolama yollardan sonra nəhayət Maralgölə gəlib çıxdıq. Yaşıllığın arasında qarşımıza balaca bir göl çıxdı. Hər tərəfi yaşıllıq olan göl güzgü kimi mənzərəni özündə əks etdirir. Dağların, təpələrin, güllərin, çiçəklərin arasında yerləşən bu dağ gölü necə yaranıb?.. 1139-cu ildə Gəncədə zəlzələ olub. Zəlzələ nəticəsində isə Kəpəz dağı uçub və Ağsu çayının qarşısını kəsib. Burada ən böyüyü Göygöl olmaqla tərkibində 7 ədəd böyük, ümumilikdə isə 19 ədəd gözəl göllər şəbəkəsi meydana gəlib. Uçqunların əmələ gətirdiyi bənd nəticəsində Göygöl, Maralgöl, Zəligöl, Ağgöl, Şamlıgöl, Ördəkgöl, Ceyrangöl, Qaragöl yaranıb.

Bundan sonra bu göllər Azərbaycanın təbiət möcüzəsinə çevrilib. İllər keçsə də insanlar bu təbiət möcüzəsini görmək üçün məsafələr qət edir və bu möcüzəni gözləri ilə görmək istəyirlər.

Yay fəslində soyuq hava

İndi qayıdaq Maralgölə, göl dəniz səviyyəsindən 1902 metr yüksəklikdə yerləşir, sahəsi 23 hektardır, ən dərin yeri 60 metrdir. Göygöldən fərqli olaraq, onun ətrafını subalp çəmənlikləri (uca dağ çəmənliyi; 2000-3000 metr hündürlüklərdə yerləşir) əhatə edir. Hava aşağıda isti olsa da, Maralgölə çatdıqda üşüdüyümüzü hiss etdik (qalın geyinsək də, soyuq sanki adamın iliyinə işləyirdi). Balaca olsa da çox gözəl idi. Yaşıllığın, ağacların, güllərin, çiçəklərin arasında təbiətin bu balaca, gözəl güşəsi insanın ruhunu sakitləşdirir. Dağlar qoynunda olan bu göldə havanın təmizliyi, oksigen ilə zənginliyini hər nəfəs alışında hiss etmək olur. Dağa qalxanların bəziləri burda oturub təmiz hava qəbul edir, bəziləri gölün ətrafını gəzib hər tərəfinə baxmağa çalışır, əsas odur ki, hər kəs xatirə üçün mütləq şəkil çəkdirir.

Bu möcüzəni seyr edəndən sonra qalxdığımız pilləkənləri yenidən aşağı düşmək lazım idi. Yavaş-yavaş yol aldıq aşağı... 

Qeyd edim ki, Maralgöl də axan göldür. Ağsu çayı elə Maralgöldən başlayır. Maralgölə tökülən çaylar isə öz mənbəyini Kəpəz (Əlfərah) dağından alır. Orada onu da öyrəndim ki, Maralgölün suyu oksigenlə zəngindir və göldə farel balığının saxlanması mümkündür.

Pilləkənlərin yanında cavan oğlanlar və ya yaşlı qadınlar oturub, nəsə satdığını müşahidə etmək olur. Yaxınlaşıb gördük ki, elə dağın ətəyindən topladıqları kəklikotunu satırlar. Dediklərinə görə, burda bəzi adamlar belə çörək pulu qazanır. 

Biz də Bakıya gətirmək üçün bu dağ kəklikotusundan aldıq. (Avtobusla qayıdanda yolun kənarlarında ziyarətçilərin özünün də dağın ətəyindən kəklikotu yığdığını gördük, təbiətin təbii gözəlliyi elə budur...)

Havanın soyuq olmasına, yavaş-yavaş axşam düşməsinə, yolun uzun olmasına baxmayaraq, dağın başında yerləşən bu gölü ziyarət etməyə hələ də gələn var idi və bu hal hər gün davam edir.  

Yeri gəlmişkən, qeyd edim ki, 2015-ci il avqustun 10-dan ilin sonunadək Milli Parka (Göygöl Dövlət Təbiət Qoruğuna) 65 mindən artıq turist səyahət edib. Bu rəqəm də 4 ayın statistikasını əks etdirir. Həmin aylardan da yalnız biri yay fəslinə düşür.

Gəncəyə, Göygölə gəlib Milli Parkı ziyarət etməmək sadəcə mümkün deyil. Sanki hansısa tilsim adamı bura gəlməyə məcbur edir. 

P.S. Orda öyrəndim ki, göllər şəbəkəsinə daxil olan göllərdən biri də Güzgügöldür. Güzgügöl iki hövzədən ibarətdir. Birinci sahəsi 1 hektardır, dərinliyi 6-8 metrdir. Qayalıq ərazisində dərinliyi 10 metrdən 16 metrə qədərdir. 

Dibində olan bütün daşlar görünür. Gölün içərisinə atılan əşya 5-6 dəfə böyüyür. Onun üçün də bu göl Güzgügöl adlanır. İkinci sahəsi isə meşəliyin arasında olan göl gün işığı düşdüyü zaman parıldayır. Adının Güzgügöl olmasının bir səbəbi də budur. Təəssüf ki, ora getmək hələlik mümkün deyil və mən bu möcüzəni gözlərimlə görə bilmədim.

Son xəbərlər

Orphus sistemi