Bakı. 20 may. REPORT.AZ/ Artım Layihə Məkanında gənc rəssamlar Vüsalə Ağarazıyeva, Erkin Ələkbərli, Orxan Qarayev və Zərnişan Yusifin “Yarı həqiqətlər” adlı qrup sərgisi başlanılıb.
"Report" xəbər verir ki, sərginin əsas diqqəti çağdaş dövrdə cərəyan edən hadisələrə yönəlmişdir və müasir dövrün maddi dəyərlərinin insanların daxili aləminə və mənəviyyatına necə təsir göstərməsini araşdırır.
Rəssam Vüsalə Ağarazıyevanın əsəri, məhz əbədi dəyərlərin gündəlik məişətlə toqquşması kimi mövzuya həsr edilib. Orxan Qarayev öz instalyasiyasında strukturuna görə, müasir və urbanist şəhərin aramsız səs-küyü və son dərəcə dinamik tempi, həyatın ritmini müəyyən edən mövzunu araşdırır. Zərnişan Yusifin əsəri pul mövzusuna toxunaraq, ona bağlı olan mahiyyəti dağıtmaq üzərində diqqətini cəmləşdirir. Erkin Ələkbərli əsərində müasir dünyada cərəyan edən hadisələrin inkişafı, bir-biri ilə ziddiyyəti və acı nəticələri bu problemə olan müvafiq marağı şərtləndirir.
YARAT Müasir İncəsənət Məkanı gənc rəssamlar üçün nəzərdə tutulan ARTIM layihəsinin əsas məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə gənc rəssamlara peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. 2015-ci ilin oktyabr ayında İçərişəhərin mərkəzində münasib və izdihamlı bir guşəsində açılmış ARTIM Layihə Məkanının məqsədi - yerli və beynəlxalq rəssamların eksperimental yeni əsərləri nümayiş etdirməkdir.