Bakı. 25 fevral. REPORT.AZ/ Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsi ziyarət olunur.
"Report"un xəbərinə görə, abidəni ziyalılar, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.