Bakı. 31 mart. REPORT.AZ/ Qubada 2007-ci ildə idman kompleksinin tikintisi zamanı kütləvi məzarlıq aşkarlanıb. Burada insan sümükləri bir-birinin üstündədir: torpağın hər qarışında insan faciəsi və vəhşilik var.
Məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın sağ sahilində yerləşir. Məlum olub ki, burada 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə öldürülmüş Azərbaycanlılar və Yəhudilər basdırılıb. İndiyədək burada 400 insan qalığı tapılıb.
Məzarlığın üstündə ölənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi abidəsi tikilib. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Muzeyin ekspozisiyası unikal arxiv sənədləri ilə zəngindir, burada müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Muzey Kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir.
"Report" Quba Soyqırımı Memorial Kompleksindən hazırladığı fotoreportajı təqdim edir.