“Suqovuşanda idim. Döyüş səngiyəndə rahat, başı dik gəzirdim, amma döyüş vaxtı təbii ki, bunu etmək mümkün deyildi, güllə göydən yağış kimi yağırdı”.
Bunu "Report"a müsahibəsində Vətən müharibəsinin qazisi İmanov Zakir Yusif oğlu deyib.
O, 1987-ci ilin martın 1-də Bakı şəhərində anadan olub. Binəqədi rayonu 126 saylı məktəbi bitirib.
Zakir hələ uşaq yaşlarından vətənpərvər olub. Vətənə, torpağa bağlılığı İkinci Qarabağ müharibəsi başlayan kimi onu könüllü ordu sıralarına qoşulmağa sövq edib. Amma bu barədə ailə üzvlərindən heç kimə nəsə deməyib. Ona görə yox ki valideynləri Z.İmanovu döyüşə buraxmayacaqdılar, sadəcə heç kimin narahat olmasını istəməyib.
Bütün qohumlar kimi valideynləri də Zakirin döyüşdə olduğunu televiziyada yayımlanan reportajlardan öyrəniblər.
"Müharibə başlayanda bir an belə tərəddüd etmədən cəbhəyə yollandım", - deyən qazi Füzuli, Zəngilan rayonları, Tərtərin Suqovuşan və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib və 44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərib.
Suqovuşan ətrafında yerləşən yüksəkliklər uğrunda gedən döyüşlərdə yanında minaatan mərmisi partlayıb və ayağından yaralanıb. Lakin Zakir yenidən döyüşə qayıtmaqda qərarlı olub və yalnız bir gün xəstəxanada qaldıqdan sonra təkrar silahdaşlarının sıralarına - savaş meydanına qayıdıb.
Azərbaycan dövləti Vətən müharibəsində qəhrəmanlıqlar göstərən digər döyüşçülər kimi Z.İmanovun da xidmətlərini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Z.İmanov "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.